...

Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib - Azər Qarayev

Siyasət Materials 4 Mart 2026 18:00 (UTC +04:00)
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan son illərdə regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib. Xəzər hövzəsinin zəngin ehtiyatları, ardıcıl və praqmatik enerji siyasəti, şaxələndirilmiş ixrac marşrutları və Avropa ilə strateji tərəfdaşlıq ölkəmizin bu sahədə rolunu daha da gücləndirib. Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları da göstərdi ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, eyni zamanda etibarlı təchizatçı və regional enerji mərkəzidir.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsində xüsusi yer tutur. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edilir. Layihənin əsas hissələri olan TANAP və Trans-Adriatik Boru Kəməri Cənubi Qafqazdan başlayaraq Avropanın enerji sisteminə birbaşa çıxış yaradır. Son illərdə qaz ixracının coğrafiyası genişlənib və Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb". Bu göstərici Azərbaycanın enerji diplomatiyasının və texniki imkanlarının real nəticəsidir.

Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Almaniya və Avstriyanın da təchizat siyahısına qoşulması ölkəmizin Avropanın enerji balansında rolunu daha da artırıb. Dövlət başçısının vurğuladığı kimi: "Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir". Bu, yalnız statistik üstünlük deyil, həm də etibarlılıq göstəricisidir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qaz potensialı əsasən Şahdəniz, Azəri-Çıraq-Günəşli, Abşeron və Ümid yataqları hesabına formalaşır.

"Yaxın illərdə bu yataqlardan əlavə 10-15 milyard kubmetr qaz hasilatı gözlənilir. Lakin artan hasilat mövcud infrastrukturun genişləndirilməsini də zəruri edir. Prezident İlham Əliyev çıxışında bunu açıq şəkildə ifadə edib: "Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir". Bu reallıq yeni interkonnektorların və ötürücü xətlərin yaradılmasını strateji prioritetə çevirir", - o bildirib.

A.Qarayev qeyd edib ki, qazla yanaşı, Azərbaycan neft ixracında da mühüm mövqeyə malikdir.

"Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Xəzər nefti Aralıq dənizi hövzəsinə və oradan dünya bazarlarına çıxarılır. Azərbaycan nefti əsasən İtaliya, Türkiyə, İsrail, Almaniya, Böyük Britaniya, Fransa və İspaniya kimi Avropa ölkələrinə, həmçinin Asiya bazarlarına ixrac olunur. İtaliya uzun illərdir ki, Azərbaycan neftinin ən böyük alıcısı olaraq qalır. Ümumilikdə Azərbaycan nefti onlarla ölkəyə çatdırılır və Avropa bazarı burada əsas paya malikdir. Ölkə eyni zamanda tranzit funksiyasını da genişləndirib. Qazaxıstan və Türkmənistan neftinin nəqli, Xəzərin şərq sahillərindən əlavə həcmlərin qəbul edilməsi üçün mövcud infrastruktur Azərbaycanın regional enerji qovşağına çevrildiyini göstərir. Bu, Avrasiya məkanında enerji axınlarının təhlükəsiz və fasiləsiz təmin olunmasında mühüm rol oynayır.

Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlıq artıq strateji səviyyəyə yüksəlib. Avropa Komissiyasının enerji üzrə nümayəndəsi Dan Yorgensen Bakıda keçirilən iclasda Azərbaycan qazının Avropa enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacağını vurğuladı. Son illərdə Avropanın enerji mənbələrini şaxələndirməsi fonunda Azərbaycan sabit və proqnozlaşdırılan tərəfdaş kimi çıxış edib. Müqavilə öhdəliklərinə riayət olunması, siyasi sabitlik və uzunmüddətli enerji strategiyası bu etimadı möhkəmləndirən əsas amillərdir", - o bildirib.

Politoloq vurğulayıb ki, bununla paralel olaraq Azərbaycan enerji keçidi prosesini də fəal şəkildə həyata keçirir.

"ACWA Power və Masdar ilə reallaşdırılan külək və Günəş elektrik stansiyaları ölkənin enerji balansında alternativ mənbələrin payını artırır. 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji istehsalı planlaşdırılır ki, bu da daxili istehlakda qazdan istifadənin azalmasına və ixrac potensialının genişlənməsinə imkan verəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır". Bu yanaşma Azərbaycanın enerji siyasətinin balanslı və praqmatik əsaslara söykəndiyini göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan bu gün həm 16 ölkəyə qaz ixrac edən, həm Avropa İttifaqının 10 üzv dövlətinin qaz təchizatçısı olan, həm də onlarla ölkəyə neft ixrac edən mühüm enerji ölkəsidir:

"Ölkə eyni zamanda regional tranzit mərkəzinə çevrilib və paralel şəkildə yaşıl enerji keçidini həyata keçirir. Bütün bu faktorlar Azərbaycanın Avropa və ümumilikdə Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin edilməsində strateji və uzunmüddətli əhəmiyyət daşıdığını göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti