Bakı. Trend:
Azərbaycanın İranla münasibətlərə həssas yanaşdığı bir dövrdə İran tərəfindən Naxçıvan aeroportuna dron hücumunun həyata keçirilməsi yolverilməzdir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
"Bu məsələ ilə bağlı İran tərəfinin üzr istəməsini və belə halların bir daha təkrarlanmayacağına dair öhdəlik götürməsini gözləyirik. Eyni zamanda, rəsmi strukturların Azərbaycanın öz suveren hüquqlarını qorumaq haqqını özündə saxladığı barədə bəyanatının da nəzərə alınmasını istərdim. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq gücündədir və bunu hər kəs nəzərə almalıdır", - deputat qeyd edib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
