Bakı.Trend:
SOCAR tərəfdaş “Asarel Group” ilə birgə Bolqarıstanın Panaqyurişte şəhərində qazpaylayıcı şəbəkənin tikintisi layihəsi üzrə ilkin mühəndis layihələndirmə və layihə sənədlərinin hazırlanması (Front End Engineering Design – FEED) işlərini yerinə yetirib və tamamlayıb.
Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Əldə olunan nəticələr əlavə təhlil və qiymətləndirmə tələb edir. 2026-cı ildə birgə səylərimiz məhz buna yönələcək”, – deyə o əlavə edib.
M. Heydərov vurğulayıb ki, Cənub-Şərqi Avropa və Baklanlar SOCAR-ın strateji inkişafının əsas istiqamətlərindən qalmaqdadır.
“2025-ci ildə biz qaz təchizatı və transsərhəd nəqli sahəsində, eləcə də qazpaylayıcı şəbəkə layihələrinin inkişafı, xam neft tədarükü və neft məhsullarının daxili bazarında mövcudluğun genişləndirilməsi, bərpa olunan enerji və qaz əsaslı elektrik enerjisi istehsalı istiqamətlərində işləri davam etdirdik”, – deyə o qeyd edib.
Qeyd edək ki, daha əvvəl Bolqarıstanın Energetika Nazirliyi bildirib ki, hazırda ölkədə təbii qaz istehlakının təxminən 40 faizi 25 illik müqavilə əsasında Azərbaycan tərəfindən təmin edilir.
“Bu saziş tədarüklərin proqnozlaşdırıla bilən olmasını, etibarlılığını və Avropada ən rəqabətə davamlı qiymət şərtlərindən birini təmin edir. Qeyri-sabit bazarlar dövründə Azərbaycan qazı sabitləşdirici rol oynayır — tədarüklər fasiləsiz həyata keçirilir, müqavilə parametrləri isə kəskin qiymət dəyişkənliklərinin təsirini məhdudlaşdırır. Bu isə biznes və ev təsərrüfatları üzərində təzyiqin azalması, iqtisadiyyatın dayanıqlılığının artması və Bolqarıstan sənayesinin rəqabət qabiliyyətinin qorunması deməkdir”, – nazirlikdən bildirilib.
Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Trayço Traykov vurğulayıb ki, regional qaz infrastrukturunun inkişafı və Bolqarıstanın Azərbaycanla təbii qaz tədarükü üzrə uzunmüddətli tərəfdaşlığı enerji təhlükəsizliyinin artırılması, mənbə və marşrutların şaxələndirilməsi baxımından mühüm şərtlərdir.
“İndiki kimi böhranlar zamanı strateji tərəfdaşlıqlar öz real dəyərini nümayiş etdirir. Azərbaycan etibarlı uzunmüddətli tərəfdaş və enerji sabitliyimizin dayağıdır”,- deyə Traykov vurğulayıb.
