...

SOCAR Balkan Bolqarıstan və Albaniyada qazlaşdırma layihələrində əhəmiyyətli irəliləyişlər əldə edib - Murad Heydərov (ÖZƏL MÜSAHİBƏ)

Energetika Materials 5 Mart 2026 08:00 (UTC +04:00)
SOCAR Balkan Bolqarıstan və Albaniyada qazlaşdırma layihələrində əhəmiyyətli irəliləyişlər əldə edib - Murad Heydərov (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Şərqi Avropa və Balkan ölkələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişafının əsas istiqamətlərindən biri kimi qalmaqdadır.

Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“2025-ci ildə biz qaz təchizatı və transsərhəd nəqli sahəsində, eləcə də qazpaylayıcı şəbəkə layihələrinin inkişafı, xam neft tədarükü və neft məhsullarının daxili bazarında mövcudluğun genişləndirilməsi, bərpa olunan enerji və qaz əsaslı elektrik enerjisi istehsalı istiqamətlərində işləri davam etdirdik”, – deyə o qeyd edib.

Konkret layihələrdən danışan Murad Heydərov bildirib ki, tərəfdaş “Asarel Group” ilə birgə SOCAR Bolqarıstanın Panaqyurişte şəhərində qazpaylayıcı şəbəkənin tikintisi layihəsi üzrə ilkin mühəndis layihələndirmə və layihə sənədlərinin hazırlanması (Front End Engineering Design – FEED) işlərini yerinə yetirib və tamamlayıb.

“Əldə olunan nəticələr əlavə təhlil və qiymətləndirmə tələb edir. 2026-cı ildə birgə səylərimiz məhz buna yönələcək”, – deyə o əlavə edib.

Bundan başqa, M. Heydərov vurğulayıb ki, 2025-ci ildə “Bulgargaz” şəbəkəsinə qoşulmayan regionlara sıxılmış təbii qazın (CNG) tədarükünü nəzərdə tutan hibrid qazlaşdırma layihəsi çərçivəsində uğur əldə olunub.

“Biz Ruse vilayətində məscid və kilsə də daxil olmaqla 46 sənaye və 5 sosial istehlakçını qazla təchiz etmişik. 2025-ci ildə ümumi qaz tədarükü həcmi təxminən 80 milyon kubmetr təşkil edib”, – deyə o bildirib.

SOCAR-ın Bolqarıstanda neft məhsulları bazarındakı fəaliyyəti ilə bağlı Murad Heydərov qeyd edib ki, şirkət hazırda ilkin pilot tədarüklər çərçivəsində kommersiya imkanlarını və perspektivləri qiymətləndirir:

“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağın mürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənmə istiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklər görürük”, – deyə o bildirib.

Bundan başqa M. Heydərov qeyd edib ki, 2025-ci ildə “Azerbaijan Gas Supply Company” (AGSC) və SOCAR tərəfindən Bolqarıstana ümumi qaz tədarükü həcmi 2 milyard kubmetrdən bir qədər az olub ki, bu da 2024-cü ilin göstəricisinə yaxındır:

“Cari və növbəti illər üçün proqnozlar Bolqarıstan bazarındakı tələbatdan və regional qaz portfelimizdən asılıdır”.

SOCAR-ın Albaniyadakı fəaliyyəti barədə danışan M. Heydərov xatırladıb ki, şirkət “NUR” pilot qazlaşdırma layihəsini Korça şəhərində Albaniyanın Baş naziri Edi Rama və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən ictimai dinləmələrdə təqdim edib.

“Biz bu ilin sonunadək yekun nəticələrin əldə olunması məqsədilə FEED mərhələsinə başlamışıq. Paralel olaraq, “SOCAR Gas Albania Korça” şəhərində qazpaylayıcı şəbəkənin tikintisinə qədər sıxılmış təbii qazın vaxtından əvvəl tədarükü imkanlarını yoxlamaq üçün bütün zəruri texniki və kommersiya araşdırmalarını aparır. Kommersiya tədarüklərinə 2026-cı ilin sonunadək başlamağı planlaşdırırıq. Qəbul edən ölkə hökuməti ilə Sazişin (Host Government Agreement) layihəsi artıq hazırlanıb və onun həyata keçirilməsi üçün növbəti addımlar atılacaq”, – deyə o bildirib.

SOCAR-ın qazlaşdırma layihələrinin Albaniyanın digər bölgələrinə mümkün genişləndirilməsi ilə bağlı suala cavab olaraq M. Heydərov dəqiqləşdirib ki, layihənin ilkin mərhələsində bu nəzərdə tutulmur, lakin şirkət sonrakı mərhələlərdə Korça şəhərinə yaxın digər ərazilərə çıxış imkanını istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti