...

Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılması və bu modelin genişləndirilməsi prioritet hədəflər sırasındadır - Fariz Cəfərov (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 5 Mart 2026 12:00 (UTC +04:00)
Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılması və bu modelin genişləndirilməsi prioritet hədəflər sırasındadır - Fariz Cəfərov (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramına yeni müəssisələrin cəlb edilməsi, “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılması və bu modelin genişləndirilməsi prioritet hədəflər sırasındadır.

Bunu Trend-ə müsahibəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O, müsahibəsində ötən il üzrə əldə edilən nəticələrdən, “Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramından, insan kapitalının inkişafından, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın icrasında 4SİM-in öhdəliklərindən, eləcə də hədəflərdən danışıb.

F. Cəfərov bildirib ki, son illər qlobal miqyasda Dördüncü Sənaye İnqilabının yeni mərhələyə keçidi ilə xarakterizə olundu. Onun sözlərinə görə, artıq dünyada əsas müzakirə mövzusu texnologiyaların olub-olmaması deyil, onların hansı miqyasda tətbiq edildiyi, necə idarə edildiyi və iqtisadi dəyərə necə çevrilməsidir: "Süni intellektin tətbiqi, big datanın analizi və onun əsasında qərarvermə, avtomatlaşdırmanın yeni mərhələsi və yaşıl texnologiyalar qlobal iqtisadi rəqabətin əsas alətlərinə çevrilib.
Bu qlobal kontekst fonunda 2025-ci il Azərbaycan üçün də mühüm keçid ili oldu. İl ərzində “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın qəbul olunması ölkənin rəqəmsal və texnoloji transformasiyasını ilk dəfə olaraq vahid, ölçüləbilən və nəticəyönümlü çərçivəyə saldı.

4SİM üçün isə 2025-ci il konsepsiyadan icraya keçidin sürətləndiyi il oldu. Bizim əsas rolumuz qlobal trendlərlə milli prioritetlər arasında körpülər qurmaqdır. Keçən il ərzində həm real sektor üçün praktik tətbiq mexanizmləri formalaşdırılmasında, həm də insan kapitalı və idarəetmə səviyyəsində texnologiyanın tətbiqinin sistemləşdirilməsi prosesi davam etdirildi".

F. Cəfərov vurğulayıb ki, 2025-ci ildə 4SİM üçün əsas strateji nəticələrdən biri DİF-in “Sənaye Klasterlərinə Keçid” (Transitioning Industrial Clusters) təşəbbüsünə qoşulma prosesi başlandı: "Bu təşəbbüs sənayenin inkişafında fərdi şirkət yanaşmasından klaster əsaslı yanaşmaya keçidi təşviq edir. Yəni dövlət qurumları, müəssisələr, təchizatçılar, texnologiya şirkətləri, startaplar, universitetlər, vahid sənaye klasteri çərçivəsində koordinasiyalı şəkildə fəaliyyət göstərir. Məsələn, bir sənaye parkında bütün müəssisələr üçün vahid rəqəmsal platforma, ortaq məlumat mübadiləsi, birgə Sİ və avtomatlaşdırma həlləri, koordinasiyalı kadr hazırlığı tətbiq olunur. Nəticədə sənaye parkları və iqtisadi zonalarda Sənaye 4.0 keçidi sürətləndirilir, texnologiyaların sistemli tətbiqi təmin edilir, real sektorda rəqəmsal məhsuldarlıq artır.

Bu təşəbbüs çərçivəsində Sumqayıt Sənaye Parkı pilot klaster kimi müəyyən edilib, NextGen sənaye klasteri konsepti formalaşdırılıb və 4SİM, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), SOCAR Karbamid və SOCAR Polymer müəssisələri arasında niyyət sənədi imzalamaqla dünyanın 40-cı klasteri olmaq statusu qazanmışdır. Bu addımlar sənaye klasterlərinin karbonsuzlaşması, rəqəmsal hazırlığın artırmaqla sənaye 4.0 texnologiyalarının geniş miqyaslı tətbiqi və beynəlxalq sənaye standartlarına inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmiz dünyanın ən qabaqcıl ölkələrinin klaster təcrübələrini öyrənməklə yeni uğurlar əldə edəcəkdir".

4SİM-in fəaliyyətinin 5 əsas istiqamət üzrə həyata keçirildiyini xatırladan icraçı direktor bildirib ki, bunlar sahəvi strategiyaların hazırlanması və tətbiqi, texnologiyaların tətbiqinin stimullaşdırılması, insan kapitalının inkişafı, beynəlxalq təcrübə mübadiləsi, maarifləndirmə və təşviqdir: "Sahəvi strategiyaların hazırlanması və tətbiqi istiqamətində əsas nailiyyət kimi “2026-2029-cu illər üzrə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Strategiya 3 məqsəd 9 prioritet istiqamət və 50 təşəbbüsü əhatə etməklə dövlət, biznes və cəmiyyət üzrə sistemli transformasiyanı nəzərdə tutur. Bu sənəd data yönümlü idarəetmənin inkişafı və iqtisadiyyatın rəqəmsal transformasiyası baxımından dövlət idarəçiliyində institusional çərçivəni gücləndirib.

Digər vacib istiqamət “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək” Proqramına start verilməsi olub. Proqram “İkili keçid (Twin Transition) – yəni texnoloji və yaşıl keçid yanaşması əsasında hazırlanıb və sənaye müəssisələrinin texnoloji hazırlıq səviyyəsinin praktiki qiymətləndirilməsinə və icrasına fokuslanır. Bu Proqram çərçivəsində pilot mərhələdə 3, əsas mərhələdə isə 15 müəssisə iştirak edib, 2030-cu ilə qədər 60-dan çox müəssisədə 5-8% EBITDA artımı və 10-30% səmərəlilik artımı hədəflənir.

Eyni zamanda, Yeni Nəsil Texnologiyalar Mərkəzinin (Sənaye 4.0 Mərkəzi) fəaliyyətə başlaması üçün hazırlıq işlərinə start verilib. Bu mərkəz real sektor üçün “öyrən tətbiq et” modelini təmin edəcək.

2025-ci ildə “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verildi. Bu təşəbbüs Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək bazarında mövcud və gələcək bacarıq tələblərinin sistemli şəkildə müəyyənləşdirilməsini və real sektorun ehtiyaclarına uyğun ixtisaslaşmış kadrların hazırlanmasını hədəfləyir. Platformanın həmsədrləri iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və PASHA Holding-in baş icraçı direktoru Cəlal Qasımovdur. Koordinasiya funksiyası 4SİM tərəfindən həyata keçirilir. 100-ə yaxın yerli şirkət bu təşəbbüsə üzv kimi qoşulub.

Mahiyyət etibarilə Azərbaycan Bacarıqlar Akseleratoru dövlət-biznes-təhsil tərəfdaşlığı modelinə əsaslanan, bacarıq boşluqlarını sistemli şəkildə ölçən, prioritet sahələr üzrə sürətli təlim və yenidənhazırlanma mexanizmlərini işə salan milli platformadır. Məqsəd rəqəmsal və texniki bacarıqların inkişafını sürətləndirmək, sosial inklüzivliyi təmin etmək və ömürboyu təhsil mədəniyyətini gücləndirməkdir.

Qlobal miqyasda Dünya İqtisadi Forumunun təşəbbüsü ilə müxtəlif ölkələrdə 50-yə yaxın milli səviyyəli bacarıqlar akseleratoru və ya “Reskilling Revolution” çərçivəsində oxşar platformalar fəaliyyət göstərir. Azərbaycan bu təşəbbüsə qoşulan və institusional modelini formalaşdıran ölkələr sırasında yer alır.

İnsan kapitalının inkişafı üzrə digər təşəbbüs 2025-ci ilin aprel ayında icrasına başlanılan və hazırda aktiv şəkildə davam edən 4Sİ Akedemiyası (4-cü sənaye inqilabı akademiyası) “Milli Proqram”dır. Proqram çərçivəsində ümumilikdə 70 min vətəndaşın “Coursera” onlayn təhsil platformasında 18 mindən çox təlimlərə qoşularaq, süni intellekt, data analitikası, biznes və texnoloji bacarıqlar üzrə biliklərinin artırılması nəzərdə tutulub. Belə ki, 2500-dən çox kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə olub ki, bu da daha geniş kütlənin istifadə imkanlarını artırmışdır".

F. Cəfərov müsahibəsində həmçinin “Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramından da bəhs edib. O qeyd edib ki, sözügedən proqram məhz praktik nəticələrə fokuslanıb: "2025-ci ildə sənaye, tikinti, metallurgiya, pərakəndə satış sektorlarını əhatə edən 15 yerli iri, orta və kiçik sənaye müəssisəsi proqrama qoşulub. Bu müəssisələrdə texnoloji hazırlıq, rəqəmsal potensial və dayanıqlı inkişaf üzrə yerində diaqnostika prosesləri artıq yekunlaşıb. Həmin müəssisələr üçün texnoloji transformasiya üzrə biznes plan formatında fərdi yol xəritələri hazırlanaraq təqdim edilir. Pilot mərhələdə proqrama qoşulan “METAK”, “Azerfloat” və “STP Global Cable” şirkətləri isə artıq yol xəritələrinin icrasına başlayıb. Bu isə o deməkdir ki, proqram kağız üzərində qiymətləndirmə deyil, real transformasiya alətidir.

2026-cı ildə yeni müəssisələrin proqrama cəlb olunması nəzərdə tutulur. Qeyd edim ki, iştirak tamamilə ödənişsizdir və sənaye müəssisələri industry4.az internet səhifəsi vasitəsilə proqramla bağlı ətraflı məlumat əldə edə bilərlər. Məqsədimiz mümkün qədər çox yerli şirkətin bu transformasiya prosesinə sistemli şəkildə qoşulmasını və proqramdan faydalanmasını təmin etməkdir".

F. Cəfərov eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində start verilən “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsindən də danışıb. O bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan strateji məqsədlərə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişafı, yerli sənaye müəssisələrinin rəqəmsallaşma səviyyəsinin artırılması və innovativ texnologiyaların tətbiqi ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: "Bu kontekstdə Dünya İqtisadi Forumu tərəfindən əmək bazarının cari və gələcək tələblərinin müəyyən edilməsi, ölkədə mövcud bacarıq boşluqlarının aradan qaldırılması, eyni zamanda özəl sektorun təlim-tədris sahəsinə cəlb edilməsinin stimullaşdırılması məqsədilə DİF-in 35 ölkədə fəaliyyət göstərən Bacarıqlar Akseleratorunun Azərbaycanda tətbiqinə başlanılıb. Məhz bu əməkdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ölkədə insan kapitalının strateji inkişafını təmin etməklə yanaşı, əmək bazarının gələcək tələblərinə sistemli hazırlıq baxımından mühüm platforma rolunu oynayır.

Layihə çərçivəsində aparılacaq sistemli təhlillər vasitəsilə mövcud və yaranmaqda olan bacarıq boşluqları müəyyən ediləcək və bu boşluqların aradan qaldırılmasına yönəlmiş hədəfli fəaliyyət planları hazırlanacaq. Bu yanaşma layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin təsadüfi deyil, məhz real sektorun ehtiyaclarına əsaslanaraq formalaşmasına imkan verəcək. Akselerator dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirərək işəgötürənlərin tələblərinə uyğun çevik və praktik bacarıqların inkişafını təşviq edəcək. Xüsusilə rəqəmsal bacarıqlar, analitik düşüncə, texnoloji savadlılıq və spesifik vərdişlər gələcəyin peşələrinə hazırlıq baxımından prioritet təşkil edəcək.

Layihə qısa müddətli ixtisaslaşma modelləri vasitəsilə insanların dəyişən əmək bazarına daha sürətli adaptasiyasını təmin edəcək ki, bu da gənclərin məşğulluq imkanlarının artmasına, eyni zamanda mövcud işçi qüvvəsinin bacarıqlarının yenilənməsinə şərait yaradacaq. Regionların prosesə cəlb olunması isə insan kapitalının daha balanslı və inklüziv inkişafına töhfə verəcək. Nəticə etibarilə “Azərbaycan Bacarıqlar Akseleratoru” ölkədə müasir, rəqabətqabiliyyətli və dayanıqlı bacarıqlar ekosisteminin formalaşmasına xidmət edərək uzunmüddətli iqtisadi inkişaf üçün möhkəm zəmin yaradacaq".

İcraçı direktor “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın icrasında 4SİM-in konkret rolu ilə bağlı isə suala cavabında söyləyib ki, bu sənəd ölkə iqtisadiyyatında rəqəmsal transformasiyanı sistemli və ölçülə bilən formada sürətləndirməyi hədəfləyən əsas çərçivə sənədidir: "Strategiyada ümumilikdə 50 təşəbbüs təsbit olunub və onların içindən yüksək təsir gücünə malik 8 “əsas təşəbbüs” xüsusi prioritet kimi müəyyən edilib.

4SİM-in bu Strategiyanın hazırlanmasında və icrasındakı rolu əsasən dövlət, biznes və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın təmin edilməsi, real sektor üçün pilot mexanizmlərin qurulması və təşəbbüslərin praktik icrasının dəstəklənməsindən ibarətdir.

Strategiya nəticəyönümlü sənəd kimi konkret göstəricilər müəyyən edir. 2029-cu ilə qədər rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 300-ə çatdırılması, 250 yeni startapın formalaşdırılması, 200 KOB-un rəqəmsal bazarlara çıxış əldə etməsi və 40 min nəfərin rəqəmsal bacarıqlar üzrə təlimlərdən keçməsi və s. əsas hədəflər sırasındadır.

Strategiya çərçivəsində ölçülə bilən iqtisadi nəticələrə rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə 5-8% EBITDA artımı və 10-30% əməliyyat səmərəliliyinin yüksəlməsi daxildir".

F. Cəfərov yekunda 2026-cı il və sonrakı dövr üçün 4SİM-in əsas prioritetləri, texnoloji istiqamətləri və gözlənilən hədəfləri açıqlayıb: "2026-cı ildən etibarən 4SİM-in fəaliyyət prioritetləri “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın icrası ilə birbaşa əlaqələndirilir və bu strategiyada nəzərdə tutulan əsas təşəbbüslərin praktiki icrasına fokuslanır. Bu çərçivədə 4SİM-in əsas prioritetləri sənaye və biznes mühitində süni intellekt, data analitikası, rəqəmsal əkiz və generativ süni intellekt kimi Dördüncü Sənaye İnqilabı texnologiyalarının milli iqtisadiyyatın müxtəlif sektorlarında tətbiqinin genişləndirilməsi, texnoloji transformasiya proqramlarının müəssisələr üzrə tətbiqi və data əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması olacaqdır.

Eyni zamanda texnoloji bacarıqların inkişafı, startap və innovasiya ekosisteminin gücləndirilməsi, eləcə də sənaye klasterləri və iqtisadi sahələr üzrə ölçülə bilən Əsas Performans Göstəriciləri (KPI) əsasında transformasiya modellərinin tətbiqi hədəflər sırasındadır. Bu yanaşma 4SİM-in beynəlxalq təcrübəni yerli iqtisadiyyata transfer edən icraedici platforma kimi rolunu möhkəmləndirərək, Azərbaycanın rəqəmsal iqtisadiyyata və dördüncü sənaye inqilabına institusional və davamlı inteqrasiyasını təmin etməyə yönəlib.

4SİM-in əsas prioritetləri ölkənin texnoloji və sənaye transformasiyasının sürətləndirilməsi, insan kapitalının gücləndirilməsi və texnologiyanın real iqtisadi dəyərə çevrilməsi üzərində qurulub. Bu dövrdə süni intellekt, sənaye 4.0 texnologiyaları, data əsaslı idarəetmə və innovasiya ekosisteminin inkişafı əsas texnoloji istiqamətlər olacaq.

Xüsusilə, “Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramına yeni müəssisələrin cəlb edilməsi, “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılması və bu modelin genişləndirilməsi prioritet hədəflər sırasındadır. Eyni zamanda, insan kapitalının inkişafı istiqamətində “4Sİ Akademiyası - Milli Proqram”ın davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ilin aprel ayından start verilən “Milli Proqram”ın icrası çərçivəsində indiyədək 60 min nəfər “Coursera” platformasında 250 min təlimə ödənişsiz qoşulub. Onlar 90 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq səviyyəli sertifikatlar əldə ediblər. Hazırda tərəfdaşlarla aparılan danışıqlar nəticəsində “Milli Proqram”ın daha bir il uzadılması planlaşdırılır ki, bu da on minlərlə vətəndaşın gələcəyin peşələrinə hazırlanmasına əlavə imkanlar yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti