Ermənistanda seçki yarışı: Qərb və Rusiyanın nüfuz savaşı dərinləşir – Şərh

Siyasət Materials 6 İyun 2026 19:00 (UTC +04:00)
Ermənistanda seçki yarışı: Qərb və Rusiyanın nüfuz savaşı dərinləşir – Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca ölkədaxili siyasi proseslərin adi hakimiyyət-müxalifət mübarizəsindən daha geniş məna kəsb etdiyi aydın görünür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, bu gün Ermənistanda baş verənlər təkcə seçki kampaniyasının gedişi ilə məhdudlaşmır:

“Ölkə faktiki olaraq Qərb və Rusiya arasında təsir dairələri uğrunda davam edən geosiyasi rəqabətin növbəti meydanına çevrilib. Məhz buna görə də seçki prosesinin inkişafı həm regionun təhlükəsizlik mənzərəsi, həm də Ermənistanın gələcək xarici siyasət istiqamətləri baxımından xüsusi diqqətlə izlənilir”.

Onun sözlərinə görə, son aylarda müşahidə olunan proseslər göstərir ki, hakimiyyət seçkilərə maksimum səfərbərlik şəraitində hazırlaşır:

“Dövlət aparatının imkanlarından geniş istifadə olunması, siyasi rəqiblərə qarşı hüquqi və informasiya təzyiqlərinin artması seçki mübarizəsinin bərabər rəqabət mühitindən uzaqlaşdığını nümayiş etdirir. Müxtəlif bölgələrdə dövlət sektorunda çalışan şəxslərin hakim partiyanın tədbirlərinə cəlb olunması, müxalifətə yaxın biznes dairələrinin təzyiqlərlə üzləşməsi və sosial alətlərdən siyasi məqsədlər üçün istifadə edilməsi ilə bağlı yayılan məlumatlar da bu mənzərəni tamamlayır”.

Deputat vurğulayıb ki, hakimiyyətin əsas rəqiblərindən hesab olunan siyasi qüvvələrə qarşı aparılan kampaniyalar isə diqqəti xüsusilə cəlb edir:

“Müxalifətin nüfuzlu simalarına qarşı cinayət işlərinin açılması, həbslərin həyata keçirilməsi və onların fəaliyyətinin hüquqi müstəviyə daşınması seçki öncəsi gərginliyin daha da artdığını göstərir. Belə şəraitdə siyasi mübarizənin ideya və proqramlar üzərindən deyil, daha çox inzibati və hüquqi resurslar vasitəsilə aparıldığı təəssüratı formalaşır.

Digər tərəfdən, Ermənistan hakimiyyətinin seçkiöncəsi dövrdə Qərbdən aldığı siyasi dəstək də nəzərdən qaçmır. İrəvanda keçirilən beynəlxalq tədbirlər, Avropa siyasi institutlarının ölkəyə artan marağı, müxtəlif səviyyəli yüksək rütbəli səfərlər və inteqrasiya mesajları hakimiyyət üçün mühüm siyasi dividend rolunu oynayır. Rəsmi İrəvan bu platformalardan istifadə edərək daxili auditoriyaya beynəlxalq legitimlik nümayiş etdirməyə və özünü Qərbin etibarlı tərəfdaşı kimi təqdim etməyə çalışır. Avropa İttifaqı ilə bağlı verilən iqtisadi və siyasi vədlər də seçki kampaniyasının mühüm elementlərindən birinə çevrilib”.

Parlamentari əlavə edib ki, Ermənistanın sürətlə Qərbə yaxınlaşması Moskvanın sərt reaksiyasını da doğurub. Rusiya uzun illər təsir imkanlarına malik olduğu bu ölkəni öz geosiyasi orbitindən uzaqlaşan tərəfdaş kimi qiymətləndirir:

“Buna görə də iqtisadi, informasiya və diplomatik təzyiq mexanizmlərinin işə salınması təsadüfi deyil. Ermənistan məhsullarının Rusiya bazarına çıxışında yaranan çətinliklər, sərhəd keçidlərində süni maneələrin formalaşdırılması və enerji məsələləri ətrafında səsləndirilən xəbərdarlıqlar Moskvanın istifadə etdiyi təsir vasitələrinin yalnız bir hissəsidir”.

V.İskəndərovun sözlərinə görə, bununla belə, mövcud vəziyyət göstərir ki, Ermənistan cəmiyyəti artıq əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb seçim qarşısındadır.

“Bir tərəfdə Qərbin təqdim etdiyi yeni siyasi və təhlükəsizlik perspektivləri, digər tərəfdə isə Rusiyadan iqtisadi asılılığın yaratdığı reallıqlar dayanır. Seçki kampaniyasının əsas mahiyyəti də məhz bu dilemma üzərində qurulub. Hazırkı proseslər onu göstərir ki, Ermənistanda parlament seçkilərinin nəticəsi yalnız hakimiyyət bölgüsünü müəyyən etməyəcək, eyni zamanda ölkənin gələcək geosiyasi istiqamətinə dair mühüm qərar rolunu oynayacaq. Bu baxımdan seçkilər Ermənistanın daxili siyasi hadisəsindən daha çox regional və beynəlxalq əhəmiyyət daşıyan strateji proses kimi qiymətləndirilməlidir”, - deyə Milli Məclisin üzvü fikirlərini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti