Bakı. Trend:
İyunun 5-də Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər.
Bildirilib ki, onlar yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
"Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - məlumatda qeyd olunub.
