Azərbaycanın süni intellekt bazarında çat-botların payı açıqlandı

İqtisadiyyat Materials 6 İyun 2026 18:00 (UTC +04:00)
Azərbaycanın süni intellekt bazarında çat-botların payı açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda süni intellekt əsaslı çat-botlar bazarında "ChatGPT"nin payı 2026-cı ilin may ayında 79,52 faiz təşkil edib.

Trend-in "Global Stats" məlumatlarına istinadən verdiyi xəbərə görə, göstərici əvvəlki ayla müqayisədə 6,74 faiz bəndi artıb.

Eyni zamanda, ölkədə "Google Gemini"nin istifadəsi əvvəlki ayla müqayisədə 6,7 faiz bəndi azalaraq 13,45 faiz təşkil edib.

Məlumatlara əsasən, may ayında Azərbaycanda "Claude"un bazar payı 2,83 faiz, "Microsoft Copilot"un payı 2,12 faiz, "Perplexity"nin payı isə 2,06 faiz olub.

Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub saxlayaraq ən yaxın rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayıb.

Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın Elmə və Təhsil nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "OpenAİ" şirkəti ilə Anlaşma memorandumu imzalayıb. Memorandum 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur.

Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər, məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində fəaliyyət göstəricilərini təqdim etməyə imkan yaradacaq.

Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək və nəticələrə əsasən mərhələli şəkildə genişləndiriləcək. Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.

İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli istifadə imkanı yaratmaqla bu texnologiyalardan məsuliyyətli tətbiq formalaşdırılır. “OpenAI” ilə əməkdaşlıq süni intellektin təhsilə inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə uzlaşır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti