Bakı.Trend:
Kolumbiya Universitetinin alimləri insan embrionlarının DNT-sinin tarixdə ilk dəfə dəqiq redaktəsini həyata keçiriblər. Tədqiqatçılar iddia edirlər ki, bu - əvvəlcədən müəyyən edilmiş genetik xüsusiyyətlərə malik uşaqların yaradılması texnologiyalarına yol aça bilər.
Trend xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Nəşr qeyd edir ki, uzun illərdir insan embrionlarının genomuna müdaxilə imkanı alimlər və bioetika mütəxəssisləri arasında ciddi mübahisələrə səbəb olur. Bir tərəfdən, bu texnologiya irsi mutasiyaların hələ embrion mərhələsində düzəldilməsinə imkan verə bilər, digər tərəfdən isə arzuolunan xüsusiyyətlərin seçilməsi və ya hətta “layihələndirilməsi” üçün istifadə olunması riskini yaradır ki, tənqidçilər bunu yevgenikanın elementləri ilə müqayisə edirlər.
Məqalədə xatırladılır ki, indiyədək gen redaktəsinin əsas aləti DNT-nin müəyyən hissələrinin sadəcə “kəsilib çıxarılmasına” imkan verən CRISPR metodu olub. Lakin bu üsul tez-tez səhvlərə səbəb olurdu: bəzən redaktə nəzərdə tutulan sahədə deyil, başqa bir hissədə aparılır və ya genetik materialın zədələnməsinə gətirib çıxarırdı. Buna görə də elmi ictimaiyyətdə uzun müddət embrionların genetik redaktəsinin təhlükəsizliyi ilə bağlı şübhələr mövcud idi.
