Bakı. Trend:
Süni intellektin 2040-cı ilədək Azərbaycan iqtisadiyyatına 70 milyard manata yaxın yeni əlavə dəyər qatacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
"4-cü sənaye inqilabının ən aparıcı drayveri, texnologiyası süni intellektdir. Süni intellektin 2040-cı ilədək qlobal iqtisadiyyata 22 trilyon ABŞ dolları təsir edəcəyi proqnozlaşdırılır. Anoloji hesablamanı Azərbaycan üçün aparsaq, süni intellektin 2040-cı ilədək ölkə iqtisadiyyatına təqribən 70 milyard manata yaxın yeni əlavə dəyər yaradacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, sənayenin müxtəlif sahələrində süni intellekt texnologiyalarını tətbiq etməklə həm qənaət edə, həm səmərəliliyi artıra, həm də resursları daha səmərəli şəkildə istifadə edə bilərik", - o bildirib.
