Bakı. Trend:
Vergi daxilolmalarında 2025-ci il üzrə əldə olunan nəticə - 16,4 milyard manat həcmində yığım son illərin ən yüksək göstəricisidir. 2018-ci illə müqayisə etsək, vergi daxilolmaları 2,2 dəfə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 dəfə artıb.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, 2025-ci ildə vergi daxilolmalarının ÜDM-də payı 12,7%, cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13% təşkil etməklə, 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artıb:
"2018-ci illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2,2 faiz bəndi artaraq 9,9% təşkil edib.
2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin cəmi müqavilələrin sayında xüsusi çəkisi 38,5%-dən 54,4%-ə yüksəlib. Sektorda müqavilələrin sayı isə 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir".
