Bakı. Trend:
Azərbaycan dənizdə külək enerjisi sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) məlumatına əsasən, 2026-cı il 16–17 iyun tarixlərində Böyük Britaniyanın Mançester şəhərində keçirilən “Global Offshore Wind 2026” beynəlxalq konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində BOEMDA-nın direktor müavini Fəqan Abdurəhmanov iştirak edib. Səfər Böyük Britaniya hökumətinin dəstəyi və səfirliyin dəvəti əsasında təşkil olunub.
Konfrans çərçivəsində nümayəndə heyəti Mançester Mərkəzi Konqres Kompleksində keçirilən sərgi və panel müzakirələrdə iştirak edib, dənizdə külək enerjisi sahəsində fəaliyyət göstərən çoxsaylı beynəlxalq şirkətlərlə tanış olub və şəbəkələşmə görüşləri keçirib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün ayrıca təşkil olunmuş tədbirdə Böyük Britaniyanın dənizdə külək enerjisi təchizat zəncirini təmsil edən şirkətlər – GE Vernova, Tekmar, Kinewell, Marsh UK, ABL Group (OWC), Ryse Energy, CM Energy Services, Briggs Marine, Haskoning, Xlinks, ASCO World, JDR Cables, Subsea7, Wood və Worley – tərəfindən təqdimatlar keçirilib.
Həmin tədbirdə Fəqan Abdurəhmanov çıxış edərək “Azərbaycanın bərpa olunan enerji keçidi və 2030 baxış” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkənin dənizdə külək enerjisi potensialı, görülən işlər və beynəlxalq investisiya imkanları barədə geniş məlumat verilib.
Səfərin davamında nümayəndə heyəti Uelsdə yerləşən RWE şirkətinə məxsus “Gwynt y Môr” və “Rhyl Flats” dənizdə külək stansiyalarına səfər edib. “Mostyn” limanında keçirilən proqram çərçivəsində iştirakçılar dənizdə külək parkının idarəetmə sistemi, dənizdə yerləşən yarımstansiyalar və əməliyyat prosesi ilə yaxından tanış olublar.
Qeyd edilib ki, bu səfər dənizdə külək enerjisi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və potensial investisiya imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
