Mərkəzi Bank və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 22 İyun 2026 11:03 (UTC +04:00)
Mərkəzi Bank və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam Maliyyə Xidmətləri Şurası arasımda əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İslam Maliyyə Xidmətləri Şurasının baş katibi Qiyat Şabsiq ilə görüşüb.

"Görüş çərçivəsində maliyyə sektorunun inkişaf dinamikası müzakirə olunub, maliyyə inklüzivliyinin genişləndirilməsi və sektorun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, 16–19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan 14-cü Özəl Sektor Forumunda 60 ölkədən 1400-dən çox nümayəndə iştirak edib. Forum zamanı ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32 saziş və anlaşma memorandumu imzalanıb, həmçinin 250-dən çox B2B və B2G görüşü keçirilib.

Açılış mərasimində çıxış edən İİB Qrupunun Müdirlər Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə tərəfdaşlığa böyük önəm verir. "Ölkənin investisiya potensialının İİB Qrupunun maliyyə imkanları, qlobal təcrübəsi və geniş şəbəkəsi ilə birləşdirilməsi iqtisadi inkişafı sürətləndirən və region üçün uzunmüddətli faydalar yaradan layihələrə yeni imkanlar açır", – deyə nazir vurğulayıb.

İİB Qrupunun prezidenti Məhəmməd Əl-Casir isə qeyd edib ki, "özəl sektor inkişaf prosesində aparıcı qüvvədir və Bankın əsas missiyası maneələri aradan qaldırmaq, riskləri azaltmaq və yeni imkanlar yaratmaqdır".

Forum çərçivəsində İİB Qrupuna daxil olan maliyyə institutları ticarətin maliyyələşdirilməsi, investisiyaların sığortalanması, ixrac kreditləri və özəl sektorun maliyyələşdirilməsi üzrə təqdim etdikləri maliyyə alətlərini iştirakçılara təqdim ediblər.

Trend-ə eksklüziv müsahibəsində İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla isə bildirib ki, Azərbaycanın İslam maliyyəsi sahəsində regional mərkəzə çevrilmək potensialına malik olduğunu bildirib. Onun sözlərinə görə, ölkə xüsusilə sukuk bazarında mühüm maliyyə mərkəzinə çevrilə bilər.

"Sukuk bizim əsas məhsullarımızdan biridir. ICD sukuk emissiyaları üzrə məsləhət xidmətləri göstərir və kapitalın cəlb olunmasına dəstək verir. ICIEC isə sukuk sığortası adlı yeni məhsulu təşviq edir ki, bu da sukukların kredit reytinqinin yüksəlməsinə və emissiya imkanlarının genişlənməsinə xidmət edir", – deyə Xalid Xalafalla Trend-ə bildirib.

Onun sözlərinə görə, bu maliyyə alətləri Azərbaycanın beynəlxalq kapital bazarlarına çıxış imkanlarını genişləndirə, ölkənin regional və qlobal maliyyə inteqrasiyasını daha da sürətləndirə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti