Bakı. Trend:
PAŞA Bank və Div Academy-nin birgə əməkdaşlığı çərçivəsində
həyata keçirilən “AI for Good” süni intellekt təlim proqramı uğurla
yekunlaşdı.
Valideyn himayəsindən məhrum olmuş 18–23 yaşlı gənclərin rəqəmsal
bacarıqlarının inkişafını hədəfləyən proqramda iştirak üçün 457
müraciət arasından seçilən 20 gənc 3 ay ərzində süni intellekt
sahəsində nəzəri və praktiki biliklər əldə edib. Təlim müddətində
iştirakçılar müxtəlif layihələr üzərində çalışaraq əldə etdikləri
bilikləri real tapşırıqlar üzərində tətbiq etmək imkanı
qazanıblar.
PAŞA Bank əməkdaşlarının iştirakı ilə inkişaf sessiyaları təşkil olunub. Bankın müxtəlif istiqamətlər üzrə peşəkarları yumşaq bacarıqlar, layihələrin idarə edilməsi, şəxsi və korporativ brendinq, rəqəmsal marketinq, strateji kommunikasiyalar və böhran idarəetməsi mövzularında seminarlar keçiriblər. Bu sessiyalar gənclərin həm peşəkar, həm də şəxsi inkişafına töhfə verib.
Bank üçün insan kapitalının inkişafı və gənclərin potensialının dəstəklənməsi sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindəndir. “AI for Good” layihəsi də məhz bu yanaşmanın davamıdır. PAŞA Bank gələcəkdə də təhsil, inkişaf və innovasiyanı təşviq edən layihələrə dəstəyini davam etdirəcək.