Bakı. Trend:
İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətverici qüvvələr geosiyasi başlıqlar, dolların möhkəmlənməsi və Avropa aktivlərinə seçici maraq oldu.
Həftə ərzində dollar FED-in sərt mövqeyi fonunda güclü qaldı, qızıl əvvəlki enişdən sonra qismən bərpa olundu, “Brent” isə ABŞ-İran danışıqları ilə bağlı irəliləyiş siqnallarından sonra zəiflədi. Funt sterlinq Böyük Britaniyadan gələn siyasi və makroiqtisadi axınla dəstək alaraq bahalaşdı.
Dolların əsas dayağı FED-in sərt tonu oldu
Həftənin ümumi fonunda dolların möhkəm qalmasının əsas səbəbi ABŞ Federal Ehtiyyatlar Fondunun sərt qiymətləndirilən mövqeyi oldu. FED-in faizləri dəyişmədən saxlaması bazarda yumşaq siqnal kimi deyil, əksinə əlavə faiz artımı ehtimalını gücləndirən qərar kimi qarşılandı. Bu fonda dollar indeksi bir illik maksimuma yüksəldi və əsas valyutalar qarşısında güclü mövqeyini qorudu. Bu dinamika EUR/USD kimi cütlüklər üçün təzyiq, dollarla qiymətlənən aktivlər üçün isə daha seçici ticarət mühiti yaratdı.
ABŞ-İran prosesində ziddiyyətli siqnallar neft və risk iştahını dalğalandırdı
Geosiyasi gündəmdə əsas diqqət ABŞ-İran xəttində idi. İran tərəfinin sülh danışıqlarında irəliləyiş barədə açıqlaması bazarlarda gərginliyin yumşalması kimi qiymətləndirildi və Asiya səhm bazarlarında yüksəlişi dəstəklədi. Eyni zamanda enerji axınlarının Hörmüz boğazı üzərindən bərpası ilə bağlı siqnallar riskə həssas aktivlərə əlavə dəstək verdi. Lakin, proses tam sabit görünmədi: qeyri-müəyyənlik dolları möhkəm saxladı, Yaxın Şərqdə müharibənin yenidən başlaya biləcəyi ilə bağlı ritorika və Tehranın Hörmüz boğazını bağladığını açıqlaması bazar iştirakçılarının ehtiyatlı mövqeyini qorudu.
Neftdə eniş inflyasiya və faiz gözləntilərini yumşaltdı
Enerji bazarlarında diqqət neft qiymətlərinin geri çəkilməsinə yönəldi. ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları təklif tərəfi ilə bağlı qorxuları qismən azaltdı və bu, neft qiymətlərinin ucuzlaşmasına şərait yaratdı. Neftin zəifləməsi bazarda inflyasiya təzyiqlərinin bir qədər yumşalması kimi də oxundu. Nəticədə, daha yüksək faizlərə dair narahatlıq müəyyən qədər səngidi. Bu mexanizm əmtəə bazarından valyuta bazarına da keçid etdi: enerji qiymətlərinin enməsi inflyasiya kanalını yumşaldaraq mərkəzi bank gözləntilərinə təsir göstərdi.
Qızıl əvvəlki enişdən sonra yenidən alıcı tapdı
Qiymətli metallar bazarında qızıl qismən bahalaşdı. Əvvəlki sessiyada bir həftədən çox müddətin minimumunu görən qızıl sonradan bir faizdən çox yüksəldi. Bu hərəkətdə iki amil ön plana çıxdı: bir tərəfdən geosiyasi qeyri-müəyyənlik təhlükəsiz liman tələbinin tam itməsinə imkan vermədi, digər tərəfdən neft qiymətlərində zəifləmə inflyasiya və faiz narahatlıqlarını bir qədər azaltdı. Beləliklə, dolların güclü qalmasına baxmayaraq qızıl bazarı qısamüddətli bərpa reaksiyası verdi.
Cari həftə investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada dərc olunacaq Ümumdaxili Məhsulun Həcmi və Şəxsi Xərclər İndeksi (inflyasiya) hesabatlarıdır.
Əlavə olaraq, bu həftə ərzində İngiltərədə, Avrozonada, Almaniyada və Amerikada açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri, həmçinin, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışları dünya birjalarında tendensiyaların necə formalaşacağına ciddi təsir edə bilər.
Eləcə də, diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına yönələcək.
EUR
Ötən həftə Avrozona və Almaniya iqtisadiyyatı üzrə konkret göstərici rəqəmləri təqdim olunmasa da, ümumi bazar mənzərəsində əsas istiqamətverici yenə də dolların gücü və geosiyasi xəbər axını oldu. Buna görə də avroda vahid deyil, daha çox xəbərə həssas və seçici qiymətlənmə müşahidə edildi.
Ötən həftəyə 1.15710 həddində başlayıb 1.14170 hədlərinə kimi ucuzlaşan EURUSD məzənnəsi həftənin sonuna doğru bir qədər bahalaşdı və həftəni 1.14720 səviyyəsində tamamladı. Məzənnə yeni həftəyə də enişlə başladı. Yaxın Şərqdə gərginliyin artlması və risk iştahının yenidən azalması fonunda dollara tələbin təskin artması EURUSD məzənnəsinin üzərində təzyiqi daha da artıra bilər.
GBP
Böyük Britaniya tərəfində funt sterlinq həftənin sonuna doğru dəstək aldı. Bazarda parlament üzrə aralıq seçkinin nəticələri və Britaniyadan gələn iqtisadi məlumatlar birlikdə qiymətləndirildi və bu axın sterlinqin bahalaşması ilə nəticələndi. Bu, GBP/USD cütlüyündə dollar faktoruna qarşı lokal tarazlayıcı rol oynadı.
Keçən həftəyə 1.34000 həddində başlayıb, 1.31620 hədlərinə kimi ucuzlaşan GBPUSD məzənnəsi həftənin sonuna doğru bir qədər bahalaşdı və həftəni 1.32240 səviyyələrində tamamladı.
Hazırda 1.32100 hədlərində ticarət olunan GBPUSD cütlüyündə “ayılar” qiyməti 1.32000 həddinin altına sala və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAUUSD
Ötən həftəyə 4265$-dan star verən qızıl 4382$-a kimi bahalaşsa da, həftəni 4147$-da başa vurdu. “Ayılar” qiyməti 4100$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.