Bakı. Trend:
Balkanların qəlbində yerləşən Sloveniya Respublikası Azərbaycan diasporunun fəallığı, təşkilatlanması və yerli cəmiyyətə uğurlu inteqrasiyası ilə diqqət çəkən ölkələrdən biridir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının Lyublyanada Sloveniyadakı Azərbaycan icması ilə görüşü soydaşlarımızın birliyinin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və milli maraqlarımızın beynəlxalq müstəvidə daha güclü təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Komitənin dəstəyi və Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan, soydaşlarımızın böyük maraq göstərdiyi icma görüşündə azərbaycanlılarla yanaşı, türk xalqlarına məxsus müxtəlif icmaların nümayəndələri və yerli ictimaiyyətin üzvləri iştirak edib.
Əvvəlcə Azərbaycanın və Sloveniyanın Dövlət himnləri səsləndirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva soydaşlarımızı salamlayaraq, ənənəvi hal alan icma görüşlərinin əhəmiyyətindən danışıb. Sloveniyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəallığından və ölkəmizin maraqlarının müdafiəsi istiqamətində gördükləri işlərdən bəhs edib. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin milli maraqlarının qorunması, tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması və zəngin mədəni irsimizin tanıdılması istiqamətində mühüm işlər görür.
Görüşdə Prezident İlham Əliyevin çıxışlarının yer aldığı sənədli film, həmçinin xaricdəki Azərbaycan Evləri və həftəsonu məktəblərinin fəaliyyəti barədə videoçarxlar nümayiş olunub.
Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh Qurbanov Sloveniyadakı azərbaycanlıların birlik və həmrəylik şəraitində fəaliyyət göstərdiyini vurğulayıb, diasporumuzun iki xalq arasında dostluq münasibətlərinin inkişafında xüsusi rol oynadığını söyləyib, rəhbərlik etdiyi təşkilatın fəaliyyətini və hədəflərini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Respublikasının iqamətgahı Vyana şəhəri olmaqla Sloveniya Respublikasındakı Səfirliyinin ikinci katibi Aydan Muradova, səfirliyin konsulluq məsələləri üzrə əməkdaşı və ikinci katib Kamran Məmmədov da iştirak edib.
İcma görüşündə Diasporla İş üzrə soydaşlarımız tədbirin keçirildiyi məkanda komitənin dəstəyi ilə açılan və ölkəmizin mədəniyyətini, tarixini əks etdirən sərgini böyük maraqla izləyiblər.
Daha sonra Şərqi Avropada yaşayan Azərbaycanlıların Sloveniya üzrə Koordinasiya Şurasına koordinator seçilib.
Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşərək, Sloveniyadakı icmaya göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər. Əlaqələrin daha da genişlənməsinə, ortaq məqsədlər ətrafında birliyin güclənməsinə və gələcək birgə təşəbbüslər üçün yeni imkanlar yaradan belə toplantıların davamlı olmasını arzulayıblar.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları təkcə 2025-ci ildə 30 ölkəyə 100-ə yaxın səfər həyata keçirib, minlərlə azərbaycanlının və xaricinin iştirakı ilə görüşlər keçiriblər. Baş tutan görüş və məhsuldar müzakirələr dünya azərbaycanlılarının azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşməsinə, milli həmrəyliyin güclənməsinə və diaspor fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə təkan verir.
