Ağdərədə yeni yarımstansiya tikiləcək

Energetika Materials 22 İyun 2026 15:08 (UTC +04:00)
Ağdərədə yeni yarımstansiya tikiləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərə rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və mövcud elektrik şəbəkəsi ilə əlaqələndirilməsi işləri həyata keçiriləcək.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumata əsasən, "Azərişıq" ASC bununla bağlı müvafiq işlərə başlayıb.

Məlumata görə, ASC sözügedən layihənin icrasını "Harmony Industrial Construction and Engineering Group" MMC-yə həvalə edib və tərəflər arasında müvafiq müqavilə imzalanıb.

Müqaviləyə əsasən, görüləcək işlərin dəyəri 3 milyon 961 min manat təşkil edir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturunun bərpası və müasir standartlara uyğun yenidən qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yarımstansiyalar, yüksək gərginlikli elektrik ötürücü xətlər və rəqəmsal idarəetmə sistemləri qurulur. Həyata keçirilən layihələr regionun dayanıqlı enerji təminatının yaradılması, yeni yaşayış məntəqələrinin, sənaye müəssisələrinin və kənd təsərrüfatı obyektlərinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına xidmət edir.

Eyni zamanda Azərbaycan enerji istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin enerji strategiyasının əsas prioritetlərindən biri olaraq qalır. Hazırda BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər beynəlxalq tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji sisteminə minlərlə meqavat yeni istehsal gücü əlavə ediləcək ki, bu da daxili təbii qaz istehlakını azaltmaqla daha çox qazın ixracına imkan yaradacaq.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, həyata keçirilən layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.

Nazirin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir. Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir.

"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş imkanlar yaradır", – deyə Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, Bakıda fəaliyyət göstərən "Green Corridor Alliance" birgə müəssisəsi artıq Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, "Xəzər–Qara dəniz–Avropa" Yaşıl Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları üzrə də işlər davam etdirilir.

"Yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır", – deyə nazir vurğulayıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan artıq Avropa ilə Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün əsas iştirakçılarından birinə çevrilir.

"Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq", – deyə Cavid Abdullayev Trend-ə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərinin yaradılması və "Xəzər–Qara dəniz–Avropa" Yaşıl Enerji Dəhlizi kimi layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.

"Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq", – deyə o əlavə edib.

Qeyd edək ki, Ağdərədə inşa ediləcək yeni 35 kV-luq yarımstansiya da işğaldan azad edilmiş ərazilərdə formalaşdırılan müasir enerji infrastrukturunun tərkib hissəsi olmaqla, regionun elektrik təchizatının etibarlılığının artırılmasına, iqtisadi aktivliyin genişlənməsinə və gələcək yaşıl enerji layihələrinin milli enerji sisteminə inteqrasiyasına əlavə töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti