Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi inzibatçılığının daha da modernləşdirilməsi üçün gələcək strateji istiqamətləri açıqlanıb.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, əsas məqsəd vergi sistemində
rəqəmsallaşmanı genişləndirmək və vergi ödəyiciləri üçün prosesləri
daha sadə və şəffaf etməkdir: "Əsas hədəflərdən biri ƏDV
bəyannaməsinin avtomatik doldurulması mexanizminin tətbiqidir. Bu
sistemin mərhələli şəkildə digər vergi bəyannamələrinə də şamil
olunması planlaşdırılır. Bundan başqa, vergi inzibatçılığında süni
intellektə əsaslanan risk analizi sistemləri də tətbiq ediləcək. Bu
yanaşma mümkün risklərin daha operativ müəyyən edilməsinə və
nəzarətin effektivliyinin artırılmasına xidmət edəcək.
Eyni zamanda, ənənəvi vergi nəzarəti proseslərinin
avtomatlaşdırılmış sistemlərlə əvəz olunması nəzərdə tutulur".
DVX rəsmisi əlavə edib ki, vergi ödəyicilərinin qanunvericiliyə
riayət etməsini asanlaşdırmaq üçün yeni rəqəmsal alətlər də tətbiq
ediləcək.
"Bu addımlar vergi sistemində şəffaflığın və xidmət keyfiyyətinin
artırılmasına yönəlib", - G. Mahmudova qeyd edib.
