Bakı. Trend:
Türkiyənin XİN rəhbəri Hakan Fidan Türkiyədə İrandan buraxılmış ballistik raketin zərərsizləşdirilməsindən sonra iranlı həmkarı Abbas Əraqçiyə zəng edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN mətbuat xidməti məlumat yayıb.
“Xarici işlər naziri Fidan iranlı həmkarı Əraqçi ilə telefon danışığı aparıb. Hörmətli nazirimiz İran ərazisindən buraxıldıqdan sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raket məsələsi ilə bağlı reaksiyamızı çatdırıb, münaqişələrin genişlənməsinə səbəb ola biləcək hər cür addımdan çəkinmənin vacibliyini vurğulayıb”,- məlumatda qeyd olunur.
Qeyd edək ki, bundan əvvəl Türkiyə MN yaydığı məlumata əsasən, İran tərəfindən buraxıldıqdan sonra İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket, Aralıq dənizinin şərqində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında müdaxilə edilərək zərərsizləşdirilib.
