Bakı. Trend:
"SOCAR Gas Albaniya" Korça şəhərinə sıxılmış təbii qazın vaxtından əvvəl tədarükü imkanını araşdırır.
Bu barədə SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov Trend-ə verdiyi özəl müsahibədə danışıb.
SOCAR-ın Albaniyadakı fəaliyyəti barədə danışan M. Heydərov xatırladıb ki, şirkət “NUR” pilot qazlaşdırma layihəsini Korça şəhərində Albaniyanın Baş naziri Edi Rama və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən ictimai dinləmələrdə təqdim edib.
“Biz bu ilin sonunadək yekun nəticələrin əldə olunması məqsədilə FEED mərhələsinə başlamışıq. Paralel olaraq, “SOCAR Gas Albania Korça” şəhərində qazpaylayıcı şəbəkənin tikintisinə qədər sıxılmış təbii qazın vaxtından əvvəl tədarükü imkanlarını yoxlamaq üçün bütün zəruri texniki və kommersiya araşdırmalarını aparır. Kommersiya tədarüklərinə 2026-cı ilin sonunadək başlamağı planlaşdırırıq. Qəbul edən ölkə hökuməti ilə Sazişin (Host Government Agreement) layihəsi artıq hazırlanıb və onun həyata keçirilməsi üçün növbəti addımlar atılacaq”, – deyə o bildirib.
SOCAR-ın qazlaşdırma layihələrinin Albaniyanın digər bölgələrinə mümkün genişləndirilməsi ilə bağlı suala cavab olaraq M. Heydərov dəqiqləşdirib ki, layihənin ilkin mərhələsində bu nəzərdə tutulmur, lakin şirkət sonrakı mərhələlərdə Korça şəhərinə yaxın digər ərazilərə çıxış imkanını istisna etmir.
Qeyd edək ki, Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin Bakıda keçirilən iclasında etdiyi çıxıda deyib ki, Albaniya Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə təbii qaz tədarükünə çıxış imkanı qazanmaq baxımından əlverişli mövqedədir.
“Bu, ölkə daxilində enerji ehtiyaclarını təmin etməyə, elektrik enerjisindən tək enerji mənbəyi kimi asılılığı azaltmağa, həmçinin ev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan və sərfəli etməyə imkan verir. Biz bu istiqamətdə iki paralel layihə üzrə işləmək qərarına gəlmişik.
Birincisi, “Vlora” İstilik Elektrik Stansiyasının yenidən canlandırılması və onun TAP çıxış nöqtəsinə və LNG üzən terminalına birləşdirən boru kəməri ilə inteqrasiya olunmuş layihə kimi icra olunmasıdır. İkincisi, Albaniyanın əsas şəhərlərindən biri olan Korça şəhərinin qazlaşdırılmasıdır”, - o bildirib.
