...

İran rejimi ətrafda da öz daxilindəki kimi xaos yaratmağa çalışır - Sahib Alıyev

Siyasət Materials 5 Mart 2026 13:39 (UTC +04:00)
İran rejimi ətrafda da öz daxilindəki kimi xaos yaratmağa çalışır - Sahib Alıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Zəngin təbii sərvətlərə malik və istedadlı insanların yaşadığı bir məmləkəti bu günə gətirib çıxaran rejim təəssüf ki, yenə də öz ampluasındadır. Ermənistan istisna olmaqla, demək olar ki, heç bir qonşusu ilə normal münasibətləri olmayan bu ölkəni idarə edənlərin davranışı göstərir ki, onlar “cəhənnəmə gedən özü ilə yoldaş axtarar” prinsipi ilə hərəkət edir və ətrafda da öz daxilindəki kimi xaos yaratmağa çalışırlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, İranın qonşu ölkələrə, o cümlədən Azərbaycana münasibətdə atdığı bu addımlar cavabsız qalmamalıdır.

"Öz dövlətimi yaxşı tanıdığım üçün əminəm ki, bunlar cavabsız qalmayacaq. Sadəcə bir məsələ tam aydındır ki, bu qəbildən olan hərəkətlər rejimin ömrünü onun başına yağdırılan raket zərbələrindən də daha çox qısaldır. Bilmirəm, özləri bunun fərqindədirlər, ya yox. Prezidentimiz İlham Əliyevin necə addım atdığını, Azərbaycanın dövlət mövqeyini necə ortaya qoyduğunu gördük. Azərbaycan bununla bir daha göstərdi ki, strateji sabitliyin tərəfdarıdır, öz milli maraqlarından çıxış edir və hər hansı bir ölkənin, o cümlədən İranın suverenliyinin pozulmasına, daxili işlərinə qarışılmasına qarşıdır. Baxmayaraq ki, bu ölkə bizim daxili işlərimizə ardıcıl və davamlı şəkildə, bəzən isə rəzil xarakter alan müdaxilə cəhdləri edib. Görünür, xalq arasında deyildiyi kimi, “qozbeli qəbir düzəldər”.

Azərbaycan vətəndaşları da, İranda yaşayan dəyərli soydaşlarımız da bütün bunları görürlər. Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi zamanı da rejimin necə yaramaz və müsəlmanlıq prinsiplərindən uzaq hərəkətlər etdiyini görür, buna etirazlarını bildirirdilər. Bu gün də Azərbaycanın necə davranış sərgilədiyini, beynəlxalq hüquq və normaların yanında yer aldığını, məsuliyyətli qonşu mövqeyi nümayiş etdirdiyini və bunun müqabilində baş verənləri görürlər".

Deputat qeyd edib ki, gələcəkdə baş verə biləcək bütün hadisələrə görə məsuliyyət aqoniya vəziyyətində olan rejimin üzərinə düşür.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti