Bakı. Trend:
Uşaqlar üçün pəhriz cədvəli hazırlamaq bəzən valideyn üçün “faydalı addım” kimi görünür. Lakin həkim məsləhəti olmadan tərtib edilən, xüsusən də qida qruplarını kəskin məhdudlaşdıran pəhrizlər uşağın sağlamlığına zərər verə bilər.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.
Onun sözlərinə görə, nə qədər məhdudlaşdırıcı pəhriz olarsa, qida çatışmazlığı riski də bir o qədər artır:
“Problem ondadır ki, uşaq orqanizmi böyümə mərhələsindədir və onun zülal, yağ, dəmir, sink, kalsium, D vitamini kimi maddələrə ehtiyacı sabit deyil, yaşa görə dəyişir. Mikronutrient çatışmazlığının anemiya, halsızlıq, inkişaf geriliyi və digər ciddi nəticələrə yol aça bilir. Hətta bəzi məhdudlaşdırıcı pəhrizlər boy artımını ləngidə, sümük sağlamlığına mənfi təsir göstərə bilər”.
Mütəxəssis-ekspert qeyd edib ki, əgər uşağın artıq çəkisi, allergiyası, seliakiya xəstəliyi, diabeti və ya başqa tibbi problemi varsa, qidalanma planı fərdi qaydada pediatr və ya dietoloq tərəfindən qurulmalıdır: “Uşaqlarda pəhriz “internetdən tapılan siyahı” ilə deyil, tibbi ehtiyaca uyğun şəkildə, elmi əsaslarla hazırlanmalıdır”.
