Bakı. Trend:
Yaxın Şərqdə davam edən eskalasiyalar fonunda ABŞ-nin Qətərdəki səfirliyi körfəz ölkəsində yaşayan Birləşmiş Ştatlar vətəndaşlarını dərhal ölkə hüdudlarını tərk etməyə çağırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Qətərdəki səfirliyinin “X” səhifəsində məlumat yayılıb.
“Martın 3-də Dövlət Departamenti silahlı münaqişə təhlükəsi ilə əlaqədar olaraq fövqəladə vəzifələrdə olanları istisna olmaqla ABŞ hökumətinin əməkdaşlarına və onların ailə üzvlərinə Qətəri tərk etməyi tapşırıb. Təhlükəsiz olduğu təqdirdə, amerikalılar Qətəri elə indi tərk etməlidirlər. Qətərin hava məkanı və dəniz marşrutları bağlı olaraq qalır. Səudiyyə Ərəbistanı ilə Salva quru sərhəd-keçid məntəqəsi hazırda açıqdır”,-məlumatda qeyd olunur.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
