...

“Kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib - Orxan Nəzərli

İqtisadiyyat Materials 5 Mart 2026 11:10 (UTC +04:00)
“Kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib - Orxan Nəzərli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi (DVX) Orxan Nəzərli bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.

O, əvvəlcə ötən il əldə edilmiş nəticələri açıqlayıb: "2025-ci il qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön plana çıxdığı bir il oldu. Bu mürəkkəb şəraitdə fiskal dayanıqlığın qorunması və dövlət gəlirlərinin davamlı təmin edilməsi əsas prioritetlərdən biri idi. Görülən tədbirlər nəticəsində fiskal daxilolmalarda müsbət dinamika əldə olunub.

Ötən il Dövlət Vergi Xidmətinin üzərində olan fiskal daxilolmaların həcmi 24,2 milyard manata yaxın olub ki, bu da ümumi fiskal yığımların 79,1 faizini təşkil edir. 2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102,9 faiz icra edilib. Ümumilikdə, dövlət büdcəsinə 16,4 milyard manata yaxın vergi daxilolması təmin edilib, bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard manatı keçib.

Orxan Nəzərli bildirib ki, 2025-ci ilin nəticələrinə görə, könüllü əməletmə göstəricimiz 92,6 faiz təşkil edir. Qeyd etmək istərdim ki, 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb.

"İqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2025-ci il ərzində aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 860 minə yaxınlaşıb. Bu, 2019-cu illə müqayisədə 73,2 faiz çoxdur.

Beləliklə, bu müsbət dinamikalar yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması hesabına mümkün olub. Eyni zamanda, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib. Bu nəticələr bir daha göstərir ki, sistemli və ardıcıl yanaşma uzunmüddətli effekt yaradır", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti