Bakı. Trend:
Azərbaycan fiskal siyasətdə balansı qoruyan nadir ölkələr sırasındadır.
Trend xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
"Aparılmış islahatlar və həyata keçirilmiş proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşdirilib, maliyyə mövqeyimiz əhəmiyyətli dərəcədə güclənib, investisiya cəlbediciliyi artıb. Bir sözlə, şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə institusional baza möhkəmləndirilib" - deyə o əlavə edib.
Samir Şərifovun sözlərinə görə, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, fraqmentasiya və ticarət proteksionizmi, texnoloji, enerji transformasiyanın sürətlənməsi Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı üçün yeni çağırışları ərsəyə gətirib:
"Bu çağırışların ciddiliyini adekvat dəyərləndirərək onların cavablandırılması üçün vergi sisteminin ölkəmizin institusional potensialının və idarəetmə təcrübəsinin formalaşdırılmasına verdiyi və verə biləcəyi töhfələrin müəyyən edilməsi bugünkü forumun müzakirə mövzularından biri olacaq".
Baş nazirin müavini qeyd edib ki, dünyada gedən proseslər iqtisadi qərarların qəbulunu daha da mürəkkəbləşdirir:
"Qobal iqtisadiyyatda qeyri-müəyyənlik artan risklər dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır. Biz iqtisadi siyasətimizi qlobal proseslərdən təcrid olunmuş yox, real təsirlərlə formalaşdırırıq. Son dövrlər dünya iqtisadiyyatında müşahidə olunan proseslər göstərir ki, makro-iqtisadi sabitlik öz-özünə formalaşmır. Bir çox ölkələr infilyasiya ilə üzləşdiyi halda Azərbaycan balanslı siyasət aparmaqdadır. Neft-qaz sektorunda baş verən dəyişikliklər dəyərləndirilir. Hasilatların azalması, ifrat qiymət dəyişikliyi günümüzün reallığıdır. Bu dəyişikliklər daha çevik reaksiya tələb edir. Azərbaycan fiskal siyasətdə balansı qoruyan nadir ölkələr sırasındadır".
