Bakı. Trend:
Martın 3-də Bakı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarına evsahibliyi etdi. Bu iclaslar hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü enerji siyasətinin ardıcıl və uzaqgörən olduğunun, qlobal çağırışlara əsaslandığını və respublikamızın siyasi və iqtisadi maraqlarını qətiyyətlə təmin etdiyini göstərdi.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası formatında əməkdaşlıq mexanizminin formalaşdırılması Prezident İlham Əliyevin enerji diplomatiyasının mühüm elementlərindən biridir. Ötən illərin mənzərəsi göstərir ki, Avropa Komissiyasının da yaxından dəstək verdiyi Məşvərət Şurası formatında əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasına mühüm töhfələr verib. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışında bununla bağlı deyib:
“Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq”.
Beləliklə, həm Məşvərət Şurasının yaradılması, həm də Cənub Qaz Dəhlizi ilə bağlı digər vacib vəzifələrin uğurla yerinə yetirilməsi göstərir ki, bu strateji layihənin həyata vəsiqə alması məhz Prezident İlham Əliyevin qətiyyətinə və siyasi iradəsinə əsaslanıb. Prezident İlham Əliyev bütün maraqlı tərəfləri, bütün siyasi və iqtisadi strukturları bu layihə ətrafında səfərbər etdi, onları komanda halında birləşdirdi. Respublikamızdan Avropaya 3500 km məsafə qət edən bu enerji dəhlizinin 2020-ci ilin sonundan etibarən tam gücü ilə işə salınması və Xəzərdən hasil olan təbii qazın Avropa dövlətlərinə çatdırılması Azərbaycanın enerji siyasətinin növbəti təntənəsi oldu. Bununla da respublikamız daha bir siyasi və iqtisadi marağını inamla təmin etdi. Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qazın nəqli nəticəsində Azərbaycanla Aİ arasındakı siyasi-iqtisadi münasibətlər yeni keyfiyyət dövrünə qədəm qoydu. Habelə Azərbaycanın Aİ üzvlərinin üçdə biri ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.
Son illərdə Avrasiya məkanında baş verən hadisələr Cənub Qaz Dəhlizi kimi enerji infrastrukturlarının fonunda Azərbaycanın enerji siyasətinin nə qədər mükəmməl olduğunu bir daha təsdiq edir. Ötən ilə qədər Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 12 dövlətə təbii qaz ixrac edirdi. Bu gün isə həmin dövlətlərin sayı 16-ya çatıb ki, onlardan da 10-u Aİ üzvüdür. Bir müddət əvvəl Azərbaycanın Almaniyaya və Avstriyaya da qaz tədarükünə başlaması respublikamızın Avropanın enerji bazarlarında ildən ilə güclənən mövqeyindən xəbər verir.
Qarşıdakı planlara gəldikdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Azərbaycanın dəqiqləşdirilmiş təbii qaz ehtiyatları buna tam imkan verir. Belə ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. Bundan başqa qarşıdakı dövrdə “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanması və “Ümid” yatağından ikinci mərhələ üzrə hasilata başlanması gözlənilir. Azərbaycanın ixrac etdiyi təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağı üzrə də qarşıdakı illərdə hasilat səviyyəsi daha da yüksələcək. Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdə olduğuna görə qarşıdakı dövrdə mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində olacaq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin “Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq. Öz növbəsində, Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq” deməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolunun təsdiqi oldu.
Bu gün əsas qlobal çağırışlardan biri "yaşıl enerji"yə keçiddir. Bu çağırışı zamanında dəyərləndirən Azərbaycan bu sahədə də mühüm irəliləyişə nail olub. Respublikamız alternativ enerji mənbələri yaradır, “yaşıl” və bərpaolunan enerjiyə sürətli keçid edir. Buna görə Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 4-cü ildir ki, “yaşıl enerji” məsələlərini əhatə edir və Azərbaycan ənənəvi enerji sahələrində olduğu kimi Avropaya "yaşıl enerji"nin ixracı ilə də bağlı etibarlı təməllər yaradır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışında Prezident İlham Əliyev respublikamızın bu sahədəki nailiyyətləri və qarşıda dayanan vəzifələr barədə məlumat verdi. Bu ilin yanvar ayında Azərbaycanda regionun ən böyük külək elektrik stansiyası olan 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyası istifadəyə verilib. 2023-cü ilin oktyabr ayında isə respublikamızda Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 meqavatlıq "Qaradağ" Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Qeyd edim ki, 2022-ci il dekabr ayında Rumıniyada “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu saziş göstərir ki, Azərbaycanın "yaşıl enerji" layihələri Aİ tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisinin əldə edilməsi gözlənilir. Bu da onu göstərir ki, yaxın gələcəkdə Azərbaycanın Avropanın enerji təchizatında rolu daha da yüksələrək, ənənəvi enerji resursları ilə yanaşı, “yaşıl enerji”ni əhatə edəcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi və respublikamızın “yaşıl enerji” layihələri qlobal səviyyədə yüksək dəyərləndirilir. Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkətinin təmsilçilərinin iclaslarda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiq edir.
Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın enerji layihələri ilə bağlı antiazərbaycançı şəbəkələr tərəfindən qarayaxma kampaniyalarının həyata keçirilməsinə cəhdlər göstərilir. Məlum olduğu kimi vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin guya ekoloji problemlər yaratdığını iddia edən antiazərbaycançı dairələr bu layihənin icrasının qarşısını almaq üçün beynəlxalq səviyyədə məkrli plan işə salmışdılar. Lakin cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində həmin plan iflasa uğradıldı. Həmçinin ayrı-ayrı vaxtlarda Azərbaycanın təbii qaz ehtiyatları ilə də bağlı qərəzli və həqiqətə uyğun olmayan informasiyalar dövriyyəyə buraxılıb. Bu kimi təxribatçı fəaliyyətin əsas icraçıları həm də bəzi qərb ölkələrində məskunlaşan sapı özümüzdən olan baltalardır. Azərbaycana qarsı olan siyasi dairələrin təlimatları əsasında bu antimilli ünsürlər respublikamızın enerji siyasətinə kölgə salmağa çalışırlar. Lakin dövlətimiz həm neft-qaz, həm də "yaşıl enerji"yə keçid sahəsində əldə etdiyi nailiyyətlərlə antimilli şəbəkənin bu istiqamətdəki təxribatçı fəaliyyətlərini də iflasa uğradır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı