Bakı. Trend:
Azərbaycanda ötən il 71 beynəlxalq yarış keçirilib və bunlardan əlavə 1 776 yerli yarış təşkil olunub. İşğaldan azad olunmuş torpaqlarımızda isə 36 yarış keçirilib və bir neçə idman ictimaiyyətinin nümayəndələri həmin ərazilərə səfər edib.
Trend xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Milli Məclisin Gənclər və idman komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.
“İdarəetməmiz nə qədər yaxşı olsa da, maddi imkanlarımız çox və ya az olsa da, infrastrukturumuz yüksək səviyyədə olsa da, sonda hər şey məşqçiyə dayanır. Yəni, bütün məsələ həmin uşağı, həmin idmançını yetişdirən məşqçinin üzərinə düşür. Ona görə də ilk olaraq Məşqçilər Forumunu keçirdik. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Təəssüf ki, məşqçilərin ixtisasartırma və yenidən hazırlanma məsələləri var”, - deyə o bildirib.
Şöbə müdiri vurğulayıb ki, digər mühüm məsələlərdən biri də məktəblərdəki bədən tərbiyəsi müəllimləri ilə bağlıdır:
“Açıq danışaq: əgər bir uşaq riyaziyyat və ya fizika fənnindən zəifdirsə, biz bunu dərhal hiss edə bilirik. Lazım gələrsə, məktəbini dəyişirik və ya ona əlavə müəllim tuturuq. Amma əgər bədən tərbiyəsi müəllimi düzgün təşkil olunmayan məşq prosesi nəticəsində uşağın sağlamlığına ziyan vurursa, bunu müəyyən etmək üçün nə kifayət qədər bilik, nə də bacarığımız olur.
Sonradan uşaq müəyyən yaşa çatanda ortaya çıxan problemlərlə bağlı təəccüblənirik ki, bu zədə haradan yarandı? Halbuki bunun səbəbi vaxtında düzgün planlaşdırılmayan yüklənmə və peşəkar savadın yetərli olmamasıdır. Bu isə birbaşa sağlamlığa təsir edən məsələdir”.
