...

Azərbaycan enerji təhlükəsizliyi məsələsində qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış edir – Deputat

Siyasət Materials 4 Mart 2026 13:40 (UTC +04:00)
Azərbaycan enerji təhlükəsizliyi məsələsində qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış edir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın enerji siyasətinin ardıcıl və sistemli strategiyaya əsaslandığını bir daha nümayiş etdirdi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, son illər qlobal enerji bazarında yaşanan dalğalanmalar, geosiyasi gərginliklər və tədarük zəncirlərində yaranan qeyri-müəyyənliklər fonunda ölkələrin enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb:

“Belə bir şəraitdə Azərbaycan təşəbbüskar və etibarlı tərəfdaş kimi həm istehsalçı, həm tranzit, həm də ixracatçı ölkə funksiyasını uğurla yerinə yetirir”.

Deputat vurğulayıb ki, qaz ixrac coğrafiyasının genişlənməsi Azərbaycanın beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:

“Hazırda 16 ölkənin Azərbaycan qazından faydalanması və Avropa İttifaqına üzv 10 dövlətin bu siyahıda yer alması ölkəmizin Avropanın enerji xəritəsində aparıcı aktora çevrildiyini göstərir. Almaniya və Avstriyaya qaz nəqlinin başlanması isə bu istiqamətdə atılmış mühüm addımlardandır”.

A.Həsənova qeyd edib ki, yeni yataqlarda hasilatın artımı – “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”un tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz” layihəsinin növbəti fazası – yaxın illərdə əlavə 10-15 milyard kubmetr qaz hasilatına imkan yaradacaq:

“Bu isə həm mövcud bazarlarda mövqelərin möhkəmlənməsi, həm də yeni istiqamətlərə çıxış baxımından geniş perspektivlər açır. Bununla yanaşı, mövcud infrastrukturun genişləndirilməsi və yeni interkonnektorların yaradılması artıq zərurətə çevrilib”.

Deputat "yaşıl enerji" gündəliyinə də toxunaraq bildirib ki, Azərbaycan paralel şəkildə enerji keçidini də sürətləndirir:

“Son illərdə külək və günəş enerjisi sahəsində reallaşdırılan layihələr, o cümlədən 240 meqavatlıq külək və 230 meqavatlıq günəş elektrik stansiyalarının istifadəyə verilməsi ölkənin bərpa olunan enerji potensialının real iqtisadi nəticələrə çevrildiyini sübut edir. 2032-ci ilə qədər alternativ mənbələrdən 6-8 giqavat gücündə elektrik enerjisi istehsalının planlaşdırılması Azərbaycanın enerji balansında mühüm struktur dəyişikliklərinə səbəb olacaq”.

A.Həsənova bildirib ki, qaz və bərpa olunan enerji mənbələrinin paralel inkişafı praqmatik yanaşmanın göstəricisidir. O qeyd edib ki, enerji siyasətində emosional və ya ideoloji deyil, rasional və balanslı qərarlar əsas götürülməlidir:

“Azərbaycan həm iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirak edir, həm də öz təbii resurslarından səmərəli istifadə etməklə tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir”.

Deputat əlavə edib ki, Azərbaycanın tranzit imkanları da ildən-ilə genişlənir:

“Qazaxıstan və Türkmənistan neftinin ölkəmizin infrastrukturu vasitəsilə nəqli, Türkiyə və Serbiya ilə elektrik enerjisi sahəsində həyata keçirilən layihələr, eləcə də Aralıq və Egey dənizi hövzəsində neftayırma potensialının artırılması Azərbaycanın enerji zəncirinin bütün həlqələrində fəal rol oynadığını göstərir”.

A.Həsənova əlavə edib ki, ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, enerji, süni intellekt və bağlılıq sahələrində yeni imkanlar açır və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının möhkəm beynəlxalq dayaqlara söykəndiyini təsdiqləyir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində qlobal miqyasda söz sahibi olan, məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti