...

Məktəblərdə, demək olar ki, idman dərsləri keçirilmir – Çingiz Hüseynzadə

Cəmiyyət Materials 4 Mart 2026 11:46 (UTC +04:00)
Məktəblərdə, demək olar ki, idman dərsləri keçirilmir – Çingiz Hüseynzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada əsas model ondan ibarətdir ki, idman ya dövlət tərəfindən, ya da sponsorlar vasitəsilə maliyyələşdirilir. Əksər ölkələrdə əsas yük sponsorların üzərinə düşür və bu məsələ qanunvericiliklə tənzimlənir.

Trend xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisinin Gənclər və idman komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.

Ç.Hüseynzadə bildirib ki, bu gün isə sponsorlar üçün idmana vəsait ayırmaq cəlbedici deyil:

“Çünki vergi mexanizmləri onları təşviq etmir. Bir çox ölkələrdə idmana sponsorluq edən şirkətlər və şəxslər qanunvericiliklə qorunur, onlara müəyyən vergi güzəştləri tətbiq olunur. Bu güzəştlər təmin olunmadıqca sponsorluq mexanizmi zəif qalır”.

O vurğulayıb ki, hazırda federasiyalar əsasən sponsor dəstəyi ilə fəaliyyət göstərməyə çalışır:

“Dövlət və ya nazirlik maksimum beynəlxalq yarışlara səfər xərcləri, müəyyən avadanlıq və ya xüsusi tədbirlər zamanı (məsələn, Olimpiya Oyunları çərçivəsində idmançıların geyim və digər təşkilati məsələləri) dəstək göstərə bilir. Lakin gündəlik hazırlıq prosesi, təlim-məşq toplanışları və uzunmüddətli inkişaf proqramları federasiyaların öz üzərinə düşür. Bu isə sistemli və davamlı inkişaf üçün kifayət etmir”.

Ç.Hüseynzadə əlavə edib ki, digər mühüm istiqamət təhsildə idman məsələsidir — orta və ali məktəblərdə idmanın rolu. Dünyada “universitet idmanı” anlayışı geniş yayılıb. Universitet komandaları mövcuddur, ali məktəblərarası yarışlar keçirilir və bəzi idman növləri əsasən təhsil müəssisələrində formalaşır. Xüsusilə basketbol kimi idman növü bir çox ölkədə məhz universitet sistemi üzərindən inkişaf edib. Atletika və digər oyun idman növləri də ali və orta təhsil sistemində geniş şəkildə təşviq olunur:

“Bizdə isə təhsil qanunvericiliyində idmanın əsas fənn kimi statusu və strateji istiqamət kimi rolu yetərincə vurğulanmayıb. Halbuki idman təkcə fiziki inkişaf deyil, həm də intizam, komanda ruhu, liderlik və vətənpərvərlik tərbiyəsinin bir hissəsidir. Fiziki hazırlıq və idman dövlətçilik baxımından strateji əhəmiyyət daşıyır. Yəni idmana yalnız yarış və medal prizmasından deyil, insan kapitalının sağlamlığı, milli təhlükəsizlik və iqtisadi inkişaf kontekstində yanaşmaq lazımdır. İndi, demək olar ki, məktəblərdə idman dərsləri keçirilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti