Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) mühüm biznes tərəfdaşıdır və SPP üçün qaz tədarükündə əhəmiyyətli rol oynaya bilər.
Bunu Slovakiyanın dövlət enerji təchizatçısı olan "SPP"nin baş icraçı direktoru Martin Huska martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasları çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Avropa İttifaqının (Aİ) yeni qanunvericiliyini və Rusiyadan təbii qaz idxalından mərhələli imtinanı nəzərdə tutan Aİ reqlamentinin qəbulunu nəzərə alaraq, "SPP" zəruri qaz həcmlərini münasib qiymətlərlə təmin edə biləcək yeni təchizatçılar axtarır. 2024-cü ilin sonunda qısamüddətli qaz tədarükləri üzrə pilot layihə vasitəsilə SOCAR ilə əməkdaşlığı sınaqdan keçirdiyimizi nəzərə alaraq, prioritetimiz potensial uzunmüddətli təbii qaz tədarükləri üzrə birgə yanaşmanın araşdırılmasıdır”, – deyə o bildirib.
Huska vurğulayıb ki, "SPP"nin Slovakiyadakı kommersiya strategiyasının əsas istiqamətlərindən biri təbii qaz mənbələrinin şaxələndirilməsidir.
“Şirkətimizin bir neçə qaz tədarükü müqaviləsi imzaladığını və hazırda sabit tədarükü təmin etdiyini nəzərə alsaq, SOCAR ilə danışıqlar hələ ilkin mərhələdədir. Buna görə də görüşlərimiz zamanı hər hansı sazişin imzalanacağını gözləmirik. Kommersiya strategiyamızın əsas hissəsi müştərilərimiz üçün münasib qiymətlərlə sabit qaz tədarükünün təmin edilməsidir. SOCAR-ın qlobal təbii qaz bazarındakı mühüm rolunu nəzərə alaraq, "SPP" və Slovakiya üçün cəlbedici təkliflərlə açıq danışıqların aparılacağını gözləyirik.
Qeyd etdiyim kimi, SOCAR tərəfindən Slovakiyaya həyata keçirilmiş qısamüddətli qaz tədarükləri üzrə pilot layihəni uğurlu hesab edirik. Bu layihə bizim üçün təsdiqlədi ki, SOCAR mühüm biznes tərəfdaşıdır və "SPP" üçün tədarüklərdə əhəmiyyətli rol oynaya bilər. Şübhəsiz ki, azərbaycanlı tərəfdaşımızla əvvəlki müsbət əməkdaşlığımızı davam etdirmək istərdik”, – deyə o əlavə edib.
Qeyd edək ki, SOCAR 2024-cü ilin dekabr ayı ərzində "SPP"ni təbii qazla təchiz edib.
1 dekabr 2024-cü il tarixində başlanmış qaz tədarükləri iki şirkət arasında bağlanmış qısamüddətli pilot saziş çərçivəsində həyata keçirilib.
