Konstitusiya Məhkəməsi Plenumu mühasibat və vergi məsləhətçilərinin öhdəlikləri ilə bağlı qərar qəbul edib

Cəmiyyət Materials 9 İyul 2026 16:48 (UTC +04:00)
Konstitusiya Məhkəməsi Plenumu mühasibat və vergi məsləhətçilərinin öhdəlikləri ilə bağlı qərar qəbul edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Konstitusiya Məhkəməsinin Plenumu sədr Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilən növbəti iclasda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxaraq müvafiq qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 3.1 və 3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair müraciət araşdırılıb.

Plenum iş üzrə hakim Fərhad Məmmədovun məruzəsini, maraqlı subyektlərin, o cümlədən Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti, Dövlət Vergi Xidməti və Vəkillər Kollegiyasının mütəxəssis rəylərini, həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Sübhan Əliyevin ekspert rəyini dinləyərək qərar qəbul edib.

Qərara əsasən, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər müştərilərinə qanunda nəzərdə tutulan əməliyyatların aparılması və ya həmin əməliyyatlarda iştirakla bağlı xidmət göstərdikləri hallarda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəlikləri daşıyırlar. Həmin öhdəliklərin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.

Konstitusiya Məhkəməsi həmçinin qeyd edib ki, qanunda nəzərdə tutulan “əməliyyatların aparılmasında iştirak” anlayışı əməliyyatların strukturlaşdırılması, hüquqi modelinin hazırlanması, rəsmiləşdirilməsi və ya nəticələrinin formalaşdırılmasına real təsir göstərən hərəkətləri əhatə edir.

Qərarda vurğulanıb ki, qeyri-maliyyə institutlarının qanunla müəyyən edilmiş öhdəliklərinin icra vaxtı hər bir öhdəliyin xarakterindən asılı olaraq müvafiq qanunun tələbləri, FATF-in 22 və 23 saylı Tövsiyələri, eləcə də Konstitusiya Məhkəməsinin bu qərarında əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minib, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti