Bakı.Trend:
Azərbaycanın makroiqtisadi göstəriciləri sabit olaraq qalır, lakin şaxələndirilmiş qeyri-neft iqtisadiyyatına keçid artıq uzunmüddətli hədəf deyil, zəruri ehtiyaca çevrilib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə baş iqtisadçısı Val Mansur "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının reallaşdırılması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, iqtisadi artım dinamikasında dəyişikliklərə baxmayaraq, iqtisadiyyatın fundamental göstəriciləri sabit olaraq qalır.
"Hökumət büdcə profisitini qoruyub saxlayıb, dövlət borcu aşağı səviyyədədir, beynəlxalq valyuta ehtiyatları kifayət qədərdir, bank sektoru isə sabitliyini qoruyur", – deyə Dünya Bankının nümayəndəsi vurğulayıb.
V.Mansur bildirib ki, neft-qaz sektorunun iqtisadi artımın əsas mənbəyi kimi rolunun azalması fonunda iqtisadiyyatın yeni inkişaf lokomotivlərinə ehtiyacı var.
"Məhz buna görə də Dünya Bankının bugünkü hesabatı regional inkişaf, məşğulluğun artırılması və xidmət sektorunun genişlənməsi baxımından böyük potensiala malik turizm sahəsinə həsr olunub. Hotel biznesi və informasiya-kommunikasiya texnologiyaları sektoru nisbətən sabit inkişaf dinamikasını qoruyub. Əmək bazarında da müsbət dinamika müşahidə olunub. Məşğulluğun artımı il ərzində davam edib. Daha vacib məqam isə ondan ibarətdir ki, yeni iş yerlərinin əksəriyyəti dövlət deyil, özəl sektor tərəfindən yaradılıb", – deyə o bildirib.
Mansurun sözlərinə görə, işsizlik səviyyəsi 5,3 faizdən 5,2 faizə enib və il ərzində xalis ifadədə təxminən 75,8 min yeni iş yeri yaradılıb.
"Xarici iqtisadi şəraitin yaxşılaşması ilə ümumi inflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. İnflyasiyanın zəifləməsi fonunda Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin ikinci yarısında uçot dərəcəsini iki dəfə, ümumilikdə 50 baza bəndi endirib. 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in təxminən 4,6 faizi səviyyəsində olub, dövlət büdcəsi isə müsbət saldo ilə icra edilib. Dövlət borcu çox aşağı səviyyədə – ÜDM-in təxminən 20 faizi həcmində qalır. Bu isə ölkəyə mümkün xarici şoklara operativ reaksiya vermək və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərini maliyyələşdirmək üçün geniş fiskal imkanlar yaradır.
2026-cı ildə Dünya Bankı neft sektorunda sabitləşmə və qeyri-neft iqtisadiyyatında istehlakın tədricən bərpası hesabına iqtisadi artımın sürətlənəcəyini gözləyir. Orta müddətli perspektivdə hökumət balanslaşdırılmış makroiqtisadi siyasəti davam etdirmək niyyətindədir. Orta müddətli büdcə siyasəti dövlət maliyyəsinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə yönəlib. Balanslaşdırılmış fiskal siyasət bazarların etimadını gücləndirir və kredit reytinqlərinə, borclanma xərclərinə, eləcə də birbaşa xarici investisiyaların axınına müsbət təsir göstərir", – deyə Dünya Bankının nümayəndəsi əlavə edib.
