Bakı.Trend:
Azərbaycanın cari əməliyyatlar hesabının müsbət saldosu ilin sonunadək 5,5 milyard ABŞ dollarına çata bilər.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının reallaşdırılması" mövzusunda keçirilən tədbirdə bildirib.
"Bu tədbiri qlobal dəyişikliklərin yaşandığı xüsusi bir dövrdə keçiririk. Dünya iqtisadiyyatı geosiyasi gərginlik, tədarük zəncirlərindəki pozuntular və iqlim riskləri səbəbindən ciddi qeyri-müəyyənliklə üzləşməkdə davam edir. Belə şəraitdə ölkələr makroiqtisadi sabitliyi qorumalı, dayanıqlılığı gücləndirməli və struktur islahatlarını sürətləndirməlidirlər. Bütün bu çağırışlara baxmayaraq, Azərbaycanın xarici iqtisadi mövqeyi əlverişli olaraq qalır. Cari əməliyyatlar hesabının profisiti birinci rübdə 1,7 milyard dollar və ya ÜDM-in 9,5 faizi təşkil edib. 2026-cı ilin yekununda bu göstəricinin təxminən 5,5 milyard dollar olacağını gözləyirik. Strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb. Bu ehtiyatlar xarici şoklara qarşı etibarlı bufer rolunu oynayır və manatın sabitliyini əlavə olaraq dəstəkləyir", – deyə o bildirib.
Qiymətlərlə bağlı danışan Ə.Məmmədyarov qeyd edib ki, may ayında illik inflyasiya 5,6 faiz təşkil edib və hədəf diapazonu olan 4 ± 2 faiz çərçivəsində qalıb.
"İnflyasiya əsasən təklif tərəfdən qaynaqlanan xarici amillərlə şərtlənir. Mərkəzi Bankın may proqnozuna əsasən, inflyasiya 2026-cı ildə 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz olacaq. Maliyyə sektoru dayanıqlı və sabit olaraq qalır. Kapital adekvatlığı 17 faiz, likvidliyin əhatə əmsalı isə 155 faiz təşkil edir. Bu göstəricilər müəyyən edilmiş normativləri əhəmiyyətli dərəcədə üstələyir. Problemli kreditlərin payı cəmi 2,9 faizdir. Dollarlaşma səviyyəsi də nəzərəçarpacaq dərəcədə azalıb – kreditlər üzrə 13,7 faizə, rezidentlərin əmanətləri üzrə isə 27 faizə enib", – deyə AMB nümayəndəsi əlavə edib.
Daha sonra o bildirib ki, hazırda Azərbaycanda iqtisadiyyatın yenidən balanslaşdırılması istiqamətində üç əsas tendensiya müşahidə olunur.
"Birincisi, qeyri-neft sektoru iqtisadi artımın təmin edilməsində getdikcə daha mühüm rol oynayır və iqtisadiyyatın strukturunu mərhələli şəkildə dəyişir. İkincisi, artım mənbələri tikinti kimi qeyri-ticari sahələrdən nəqliyyat və logistika, informasiya texnologiyaları və qeyri-neft sənayesi kimi ticari sahələrə keçir. Üçüncüsü, iqtisadi artım dövlət xərclərindən daha az asılı olur və getdikcə daha çox özəl sektorun fəallığı ilə müəyyənləşir. Proqnozumuz müsbət olaraq qalır. Mərkəzi Bankın may proqnozuna əsasən, ümumi ÜDM artımı cari ildə 1,1 faiz, 2027-ci ildə isə 3,2 faiz səviyyəsində gözlənilir. Qeyri-neft sektorunda artım isə müvafiq olaraq 3,2 və 4,7 faiz təşkil edəcək", – deyə Ə.Məmmədyarov bildirib.
O həmçinin vurğulayıb ki, Dünya Bankının bugünkü hesabatı inkişafın növbəti mərhələsinin daha çox iqtisadiyyatın şaxələndirilməsindən asılı olacağını göstərir.
"Turizm böyük reallaşdırılmamış potensiala malik istiqamət kimi ön plana çıxır. Azərbaycanın unikal coğrafi mövqeyi, zəngin mədəni irsi, müxtəlif təbii landşaftları və yaxşılaşan infrastrukturu rəqabətədavamlı və dayanıqlı turizm sənayesinin formalaşdırılması üçün möhkəm zəmin yaradır. Aviareyslərin genişlənməsi, viza rejiminin sadələşdirilməsi və turizm istiqamətlərinin məqsədyönlü təşviqi sayəsində son üç ildə turizmdən əldə olunan gəlirlər orta hesabla hər il 38 faiz artıb. 2026-cı ilin birinci rübündə turizm xidmətlərinin ixracı qeyri-neft sektorunun xidmət ixracının ümumi həcminin 21 faizini təşkil edib", – deyə Mərkəzi Bankın nümayəndəsi bildirib.
