Bakı. Trend:
Uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması artıq təkcə ailə və ya təhsil məsələsi deyil, informasiya təhlükəsizliyinin ən vacib istiqamətlərindən biridir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirilib ki, sosial media platformalarında uşaqların kiberzorakılıq, yaşa uyğun olmayan məzmun və onlayn istismar riskləri ilə üzləşməsi daha dəqiq tənzimləmə mexanizmlərini zəruri edir:
"Kibertəhlükəsizlikdən danışarkən adətən dövlət sistemlərinin, maliyyə infrastrukturunun və kritik obyektlərin qorunması ön plana çıxarılır. Halbuki informasiya təhlükəsizliyinin bir başqa, bəlkə də ən vacib ölçüsü var. Bu da cəmiyyətin ən həssas üzvləri olan uşaqlarımızın sürətlə dəyişən rəqəmsal mühitdə qorunması məsələsidir".
Komissiya sədrinin sözlərinə görə, uşaqlar və yeniyetmələr sosial media platformalarında kiberzorakılıq, kiberqısnama, yaşa uyğun olmayan məzmuna məruz qalma və onlayn cinsi istismar məqsədi daşıyan şəxslər ("online predators") tərəfindən hədəfə alınmaq riski ilə üz-üzədir.
O qeyd edib ki, Azərbaycanda bir çox ailələr bu risklərdən tam xəbərdar deyil və ya övladlarının onlayn fəaliyyətini effektiv şəkildə monitorinq etmək üçün zəruri alətlərə malik deyil:
"Bundan əlavə, digər istifadəçilərin reallığı əks etdirməyən mənfi təsvirləri ilə özlərini müqayisə etmək uşaq və yeniyetmələrdə sosial media asılılığı, depressiya və narahatlıq kimi problemlərin yaranmasına səbəb olur".
Ramid Namazov bildirib ki, Azərbaycanda uşaqların yaşa uyğun informasiya əldə etməsi və zərərli informasiyadan qorunması hüquqi baxımdan hələ 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunla tənzimlənir:
"Bununla belə, onun sözlərinə görə, sosial şəbəkə platformaları son illərdə sadə ünsiyyət vasitəsindən alqoritmlərlə idarə olunan və bir çox hallarda manipulyativ dizayn həllərindən istifadə edən mürəkkəb ekosistemlərə çevrilib. Bu transformasiya daha dəqiq tənzimləmə mexanizmlərini zəruri edir".
Komissiya sədri diqqətə çatdırıb ki, "Google" şirkətinin məlumatına əsasən, 2025-ci il ərzində icma qaydalarını pozduğuna görə dünya üzrə 15,8 milyondan çox YouTube kanalı bağlanıb, 245,7 milyondan çox "YouTube" videosu silinib. Onlardan 24,1 milyondan çoxu uşaqların təhlükəsizliyi ilə bağlı olub.
"Bu, kifayət qədər böyük rəqəmlərdir. Təsəvvür edin ki, uşaqlarla bağlı statistika digər platformalar tərəfindən də ictimaiyyətə açıqlansa, vəziyyətin nə qədər kritik olduğu hər kəsə məlum olar. Bu statistikaları "Google" açıqlayır, digər platformalar isə açıqlamırlar", - deyə Ramid Namazov bildirib.
