Bakı.Trend:
Dünya Bankı Orta Dəhlizin inkişafı istiqamətində fəaliyyətini davam etdirir, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı və suvarma, eləcə də Bakının ekoloji sağlamlaşdırılması üzrə iki yeni layihənin işə salınmasına hazırlaşır.
Bu barədə Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Roland Prays "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının reallaşdırılması" mövzusunda keçirilən tədbir çərçivəsində Trend-ə verdiyi özəl müsahibəsində bildirib.
R.Prays qeyd edib ki, əməkdaşlıq istiqamətləri ölkə hökumətinin müraciətləri əsasında müəyyən edilir.
"Hazırda iki layihə üzərində fəal şəkildə işləyirik. Birincisi kənd təsərrüfatı və suvarma sahəsini əhatə edir. Biz Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu sahənin inkişafına dair yeni dövlət proqramının həyata keçirilməsinə dəstək verəcək proqram hazırlayırıq. Layihənin 2027-ci ilin ortalarında Dünya Bankının İcraçı Direktorlar Şurasının müzakirəsinə çıxarılması gözlənilir.
Dünya Bankı həmçinin "Livable Baku" layihəsini hazırlayır. Layihə göllərin təmizlənməsini və əvvəlki neft hasilatı fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin rekultivasiyasını nəzərdə tutur. Hazırlıq prosesi davam edir. Məqsədimiz layihəni tamamlayaraq 2027-ci ilin birinci yarısında, təxminən mart-aprel aylarında Dünya Bankının İcraçı Direktorlar Şurasının baxışına təqdim etməkdir", – deyə R.Prays bildirib.
O, Dünya Bankının Orta Dəhlizin inkişafındakı rolundan danışarkən xatırladıb ki, bu istiqamətdə fəaliyyət analitik araşdırmaların aparılması ilə başlayıb.
"2023-cü ilin oktyabrında biz Orta Dəhlizin inkişafına dair ilk hesabatı hazırladıq. Həmin hesabatda Azərbaycan, Gürcüstan və Qazaxıstan marşrutun üç əsas qovşağı kimi təhlil olunmuşdu. Dəhlizin inkişafını ləngidən əsas "dar boğazları" müəyyən etdik və o vaxtdan etibarən onların aradan qaldırılması istiqamətində ölkələrin hökumətləri ilə işləyirik.
Dünya Bankı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi məsələsi ilə bağlı Azərbaycan hökuməti ilə davamlı dialoq aparır. Bakı limanı "dar boğaz" kimi qiymətləndirilməmişdi, çünki mövcud güclərlə səmərəli fəaliyyət göstərirdi. Lakin hökumət yük axınının əhəmiyyətli dərəcədə artacağını gözləyir və ötürücülük qabiliyyətinin artırılmasına əvvəlcədən hazırlaşır. Bu prosesin bir hissəsi olmaqdan məmnunuq", – deyə R.Prays vurğulayıb.
Onun sözlərinə görə, Dünya Bankı Orta Dəhliz boyunca digər ölkələrdə də layihələr həyata keçirir. Xüsusilə Gürcüstanda dəmir yolu və avtomobil infrastrukturlarının inkişafına investisiyalar yatırılır.
"Orta Dəhlizin inkişafının növbəti mərhələsi iştirakçı ölkələr arasında daha sıx əlaqələndirmənin təmin olunmasıdır. Əsas problemlərdən biri sərhəd keçid məntəqələri və müxtəlif nəqliyyat növlərinin – məsələn, dəniz daşımaları ilə dəmir yolu arasında əlaqələndirmə məsələsidir. Gecikmələr məhz bu mərhələdə yaranır. Biz bütün marşrut boyunca yüklərin fasiləsiz hərəkətini təmin edəcək platformanın yaradılmasına dəstək verməyi planlaşdırırıq", – deyə o bildirib.
Turizm sahəsində layihələrin maliyyələşdirilməsinin genişləndirilməsi imkanları ilə bağlı sualı cavablandıran regional direktor bildirib ki, hazırda Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə hər hansı müraciət daxil olmayıb.
"Biz hər zaman hökumətin prioritetlərinə uyğun fəaliyyət göstəririk. Hazırda turizm sektoruna investisiyaların maliyyələşdirilməsi ilə bağlı belə bir müraciət yoxdur. Adətən əməkdaşlıq analitik araşdırmaların aparılması və mümkün islahat istiqamətlərinin hökumətlə müzakirəsi ilə başlayır. Bərabər şəkildə Dünya Bankının dəstəyinin zəruri olduğunu müəyyən etdikdə, ortaq layihə hazırlayırıq və həmin layihə, bir qayda olaraq, Dünya Bankı tərəfindən maliyyələşdirilir.
Dünya Bankı həmçinin çalışır ki, onun layihələri təkcə təşkilatın öz vəsaitini deyil, həm də özəl sektorun investisiyalarını cəlb etsin. Turizm bunun üçün ən əlverişli sahələrdən biridir. Düzgün turizm ekosistemi formalaşdırılarsa, bu, hotel biznesi, turoperatorlar, daşıyıcılar və bazarın digər iştirakçıları da daxil olmaqla özəl investorların vəsaitlərini cəlb etməyə imkan verəcək", – deyə R.Prays əlavə edib.
