Azərbaycanda bu ilin ilk yarısında cinayətlərin sayı 8,6 faiz azalıb

Hadisə Materials 9 İyul 2026 16:04 (UTC +04:00)
Azərbaycanda bu ilin ilk yarısında cinayətlərin sayı 8,6 faiz azalıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda 2026-cı ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 8,6 faiz, ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, mülkiyyət əleyhinə cinayətlər 15,3 faiz azalıb.

Bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, Azərbaycanda 2026-cı ilin ilk altı ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15 min 420 cinayət qeydə alınıb ki, onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılıb:

"Qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə oğurluqlar 11,5 faiz, dələduzluqlar 16,8 faiz, soyğunçuluqlar 8,8 faiz, quldurluqlar 44,2 faiz, hədə-qorxu ilə tələb etmələr 10,5 faiz, xuliqanlıq cinayətləri isə 12,5 faiz azalma göstərib.

Eyni zamanda, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər 15,3 faiz, ailə münaqişəsi zəminində baş verən cinayətlər 3,5 faiz, qrup halında törədilən cinayətlər 16,6 faiz azalıb. Odlu silahın tətbiqi ilə törədilən cinayətlər cəmi 3 fakt təşkil edib".

Məlumata əsasən, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz, qəzalarda xəsarət alanların sayı 19 faiz, həlak olanların sayı isə 9 faiz azalıb.

Bildirilib ki, hesabat dövründə cinayətlərin açılması göstəriciləri də yaxşılaşıb:

"Ümumi açılma faizi 1,1 faiz, qeyri-aşkar şəraitdə törədilən cinayətlərin açılması 2,5 faiz, mülkiyyət əleyhinə cinayətlərin açılması 4,4 faiz, oğurluqların açılması 10,7 faiz, dələduzluqların açılması isə 1,2 faiz artıb. Adam oğurluğu və avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması tam təmin olunub".

DİN-in məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətlərin 93,9 faizi açılıb, əvvəlki illərdən bağlı qalmış 218 cinayət də daxil olmaqla ümumilikdə 3 min 13 cinayət açılıb, 4 min 474 hüquqazidd əməlin qarşısı alınıb:

"Müxtəlif cinayətlər törətmiş 6 min 887 nəfər məhkəmə məsuliyyətinə verilib, istintaq və təhqiqat orqanlarından yayınan 4 min 282 nəfər, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 645 nəfər saxlanılıb. Axtarış işinin nəticəliliyi isə 82,7 faizə yüksəlib".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti