Bakı.Trend:
Azərbaycan yaxın illərdə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən unikal coğrafi mövqeyi sayəsində Xəzər regionunun incisinə çevrilə bilər.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Dünya Bankının özəl sektorun inkişafı üzrə baş mütəxəssisi Şon Mann "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının reallaşdırılması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, turizm sektoru yeni iş yerlərinin yaradılması və kiçik biznesin inkişafında mühüm rol oynayır.
"Turizmi bir çox digər sahələrdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, insanlar ölkəyə artıq alıcılıq qabiliyyəti ilə gəlirlər və xərclər birbaşa istehlak yerində həyata keçirilir. Bu isə turizmi xüsusi ixrac növünə çevirir. Sektor regionlarda məşğulluğun artırılması, eləcə də gənclər, qadınlar və kiçik biznes üçün geniş imkanlar yaradır. Bir çox ölkələrdə məhz turizm gənclərin ilk iş yeri olur – hotellərdə, restoranlarda və ya ekskursiya xidmətləri sahəsində. Bakıda artıq inkişaf etmiş turizm dəyər zənciri formalaşıb, lakin paytaxtdan kənarda müəyyən boşluqlar qalmaqdadır. Bakıdan kənarda "son mil" infrastrukturunda, xidmətlərin keyfiyyəti və müxtəlifliyində, eləcə də ümumi turizm xidmətləri ekosistemində çatışmazlıqlar mövcuddur. Bu isə turistlərin ölkədə qalma müddətini məhdudlaşdırır", – deyə o qeyd edib.
Ş.Mann vurğulayıb ki, əsas məqsəd yalnız turist cəlb etmək deyil, həm də onların ölkədə daha uzun müddət qalmasını və xərclərinin artmasını təmin etməkdir.
"Hazırda turist axını əsasən Bakı, məhdud sayda bazarlar və ayrı-ayrı seqmentlər üzərində cəmləşib. Turizmin ölkə regionlarına təsiri isə nisbətən məhduddur. Gələcək inkişaf imkanları turizm istiqamətlərinin və bazarlarının şaxələndirilməsi ilə bağlıdır. Bu isə böyük ölçüdə hava nəqliyyatı əlaqələrinin genişləndirilməsindən asılı olacaq. Aviaəlaqələrin əlçatanlığı daha şaxələndirilmiş turizm bazasına çıxış baxımından mühüm əhəmiyyət daşıyır və uzunmüddətli perspektivdə sektorun dayanıqlığını gücləndirir. Dünya Bankının hesabatında turizm sektorunun inkişafı üçün beş əsas istiqamət müəyyən edilib. Bunlara turizm istiqamətlərinin inkişafı, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, turizm infrastrukturunun müasirləşdirilməsi, turizmdə dəyər zəncirinin gücləndirilməsi, həmçinin kadr hazırlığının və göstərilən xidmətlərin keyfiyyətinin artırılması daxildir", – deyə o bildirib.
Mann qeyd edib ki, turizm istiqamətlərinin təşviqi müvafiq infrastrukturun inkişafı ilə paralel aparılmalıdır.
"Təkcə turizm istiqamətinin təşviq edilməsi kifayət deyil. Turistlərin gözləntilərinə cavab verən xidmətlərin və infrastrukturun inkişafı təmin olunmalıdır. Dövlət əsas infrastrukturun və institusional bazanın yaradılmasında aparıcı rol oynamalı, özəl sektor isə turizm sənayesinin inkişafına investisiya yatırmalıdır. Bunun üçün investisiyalar və kiçik biznesin inkişafı üçün əlverişli mühit yaradılmalıdır", – deyə o izah edib.
Ölkənin perspektivlərindən danışan Mann Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu vurğulayıb.
"Yaxın illərdə Azərbaycan Xəzər regionunun incisinə çevrilə bilər. Ölkə Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində unikal mövqeyə malikdir ki, bu da turizmin inkişafı üçün geniş imkanlar açır", – deyə o bildirib.
Dünya Bankı nümayəndəsinin sözlərinə görə, turizm sektorunun gələcək inkişafı resursların düzgün səfərbər edilməsini və nəzərdə tutulan layihələrin praktik icrasını tələb edir.
