Bakı. Trend:
Qırğızıstanın “Asman Airlines” aviaşirkətinə məxsus, Bişkek–Razzakov marşrutu üzrə uçuş həyata keçirən sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən geri dönərək Bişkek hava limanına eniş edib.
Bu barədə "İnterfaks" agentliyi "Qırğızıstan Hava Limanları" şirkətinə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, təyyarə normal rejimdə eniş edib. İnsidentin səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcəyi bildirilib.
Bu, son bir həftə ərzində Qırğızıstan aviaşirkətlərinə məxsus təyyarələrlə bağlı baş verən ikinci oxşar hadisədir.
İyulun 7-də “TezJet” aviaşirkətinə məxsus, Bişkek–Oş reysini yerinə yetirən sərnişin təyyarəsi uçuş zolağında sürət yığarkən şassilərindən birinin dayağı qırıldığı üçün havaya qalxmanı dayandırmışdı. Nəticədə təyyarə sol qanadı üzərinə əyilmiş, həmçinin aviasiya kerosininin sızması baş vermişdi.
