Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmədən mühüm qərar

Cəmiyyət Materials 9 İyul 2026 10:20 (UTC +04:00)
Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmədən mühüm qərar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb.

Ali Məhkəmədən bildirilib ki, baxılan iş yaşayış binasının eyni girişində, eyni mərtəbəsində yaşayan qonşular arasında yaranmış mübahisə ilə bağlı olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və mənzilinin giriş hissəsində müşahidə kameraları quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmaması məsələsi ətrafında yaranıb.

Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə müşahidə kamerası quraşdıra bilər. Lakin bu hüququn həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə ilə nəticələnməməlidir.

Qərarda vurğulanıb ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması da şəxsi həyata aid məlumatlar hesab olunur. Bu səbəbdən belə məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə kimi qiymətləndirilə bilər.

Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxışı olan qonşuların razılığı ilə quraşdırıla bilər.

Məhkəmə bildirib ki, belə razılıq olmadıqda təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera ümumi dəhlizi, lift qarşısını, digər qonşuların mənzillərinin girişini, onların giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Əks halda bu, Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə hesab edilir.

Konkret iş üzrə Ali Məhkəmə mənzilin qapısı üzərində yerləşdirilən kameranın görüntü bucağının yalnız həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılması, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsi barədə qərar qəbul edib. Məhkəmə bunu tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş zəruri və proporsional tədbir kimi qiymətləndirib.

Qərarda həmçinin qeyd olunub ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissi yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirildikdə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və bunun əksini iddia edən şəxs bunu sübut etməlidir.

Ali Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul edib və onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını qanuni hesab edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti