Bakı.Trend:
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini sürətləndirməlidir və turizm isə uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi artımın əsas mənbələrindən birinə çevrilə bilər.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının reallaşdırılması" mövzusunda keçirilən tədbirdə Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Roland Prays deyib.
Onun sözlərinə görə, Dünya Bankının Azərbaycan üzrə yeni hesabatı iki hissədən ibarətdir:
"Birinci hissə makroiqtisadi vəziyyətin təhlilinə, ikinci hissə isə ölkənin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən ayrıca bir mövzuya həsr olunub.
Azərbaycan nümunəsində diqqətimizi turizmə yönəltmişik. Hesabat ölkənin son iqtisadi göstəricilərini təhlil edir, ortamüddətli perspektivləri qiymətləndirir və turizmin uzunmüddətli iqtisadi artıma və iqtisadiyyatın şaxələndirilməsinə necə töhfə verə biləcəyini araşdırır. Son on ildə Azərbaycan xarici çağırışlar qarşısında dayanıqlılıq nümayiş etdirib. Buna səmərəli makroiqtisadi idarəetmə, əhəmiyyətli büdcə ehtiyatları və balanslaşdırılmış dövlət siyasəti imkan yaradıb. Nəticədə çoxsaylı xarici sarsıntılar şəraitində iqtisadi sabitlik qorunub saxlanılıb. Bununla belə, ölkə iqtisadiyyatı yeni reallıqlarla üzləşir. Karbohidrogen hasilatının tədricən azalması iqtisadi artımın qorunmasının və keyfiyyətli iş yerlərinin yaradılmasının getdikcə daha çox qeyri-neft sektorunun inkişafından asılı olacağını göstərir", – deyə o bildirib.
Prays qeyd edib ki, Azərbaycan zəngin mədəni irsi, müxtəlif təbii landşaftları, inkişaf etmiş beynəlxalq nəqliyyat əlaqələri və Avropa ilə Asiya arasında strateji yerləşməsi kimi unikal üstünlüklərə malikdir.
"Son on ildə turizm sektoru əhəmiyyətli dərəcədə inkişaf edib və hazırda xidmət ixracında mühüm paya sahibdir. Bununla belə, regionun digər ölkələri ilə müqayisədə Azərbaycanda turizm potensialı turistlərin sayı, iş yerlərinin yaradılması və regionların inkişafına təsiri baxımından hələ tam reallaşdırılmayıb. Sektorun gələcək inkişafı əsasən Bakı və müxtəlif tədbirlərə yönəlmiş modeldən ölkənin regionlarının potensialını üzə çıxaran daha şaxələndirilmiş turizm ekosisteminə keçidi tələb edir", – deyə o vurğulayıb.
Praysın sözlərinə görə, bunun üçün turizm istiqamətlərinin idarə olunması təkmilləşdirilməli, nəqliyyat əlçatanlığı artırılmalı, paytaxtdan kənarda hotel infrastrukturu və turizm xidmətləri inkişaf etdirilməli, yerli sahibkarlar dəstəklənməli, peşə bacarıqlarının inkişafına investisiya yatırılmalı, həmçinin aviasiya əlaqələri və beynəlxalq bazarlara çıxış genişləndirilməlidir.
"Turizm yalnız ziyarətçilərin cəlb olunması demək deyil. Bu, həm də yerli biznes üçün yeni imkanların yaradılması, investisiyaların stimullaşdırılması, xüsusilə qadınlar və gənclər üçün iş yerlərinin açılması, eləcə də iqtisadi artımın nəticələrinin ölkə üzrə daha geniş paylaşılması deməkdir. Turizm sənayesinin inkişafı nəqliyyat sektorunun, mehmanxana biznesinin, kənd təsərrüfatının, ticarətin, eləcə də kiçik və orta sahibkarlığın inkişafına təkan verə bilər. Azərbaycan hökuməti artıq turizmi strateji prioritetlərdən biri kimi müəyyən edib və bu sahənin inkişafı ilə bağlı iddialı hədəflər qarşıya qoyub. Hazırda əsas vəzifə bu planların həyata keçirilməsi, onların investisiya layihələrinə çevrilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və regional turizm istiqamətlərinin beynəlxalq bazarda rəqabət qabiliyyətinin təmin edilməsidir", – deyə o əlavə edib.
