Bakı. Trend:
Prezident İlham Əliyev tərəfindən parlamentə rəqəmsal inkişafla bağlı qanunvericilik paketinin təqdim olunması bu sahədə hüquqi mərhələnin yekunlaşmaq üzrə olduğunu göstərir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasında "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, bununla belə, rəqəmsal transformasiya həm dövlət idarəetməsini, həm iqtisadiyyatı, həm də cəmiyyəti əhatə etdiyindən qanunvericilik prosesinin davam etdirilməsi uzunmüddətli xarakter daşıyacaq:
"Rəqəmsal inkişafla bağlı strateji milli prioritetləri müəyyən edən mühüm sənədlərdə əsas tezislər öz əksini tapıb, dövlət proqramları və strateji sənədlər təsdiqlənib, institusional çərçivə formalaşıb və ayrı-ayrı dövlət orqanlarının bu istiqamətdə mandatı müəyyənləşdirilib".
Azər Əmiraslanov qeyd edib ki, bu proses həm institusional xarakter daşıyır, həm dövlət idarəetməsini, həm də iqtisadiyyatı əhatə edir. Onun sözlərinə görə, qarşıda uzun yol olsa da, əsas məsələ strategiya və yol xəritəsinin müəyyənləşdirilməsi, həmin xəritədə nəzərdə tutulan tədbirlərin isə addım-addım həyata keçirilməsidir.
Komitə sədri bildirib ki, rəqəmsal iqtisadiyyat və innovativ inkişafla bağlı konseptual yanaşma son illərin deyil, təxminən, on il əvvəl formalaşdırılmış baxışın nəticəsidir.
"2016-cı ildə Prezident İlham Əliyev qeyd etmişdi ki, gələcək dövr intellektual inkişaf və innovasiya dövrü olacaq. Bu, elə bir dövr idi ki, biz devalvasiya prosesi ilə üz-üzə idik və iqtisadiyyatda ciddi problemlər yaşanırdı", - deyə o xatırladıb.
Azər Əmiraslanovun sözlərinə görə, bu yanaşma onu göstərir ki, rəqəmsal inkişaf və rəqəmsal iqtisadiyyat Azərbaycan üçün davamlı və dayanıqlı iqtisadi inkişafın, eləcə də iqtisadi artımın təmin olunmasının əsas vasitələrindən biridir.
"Bu gün biz rəqəmsal iqtisadiyyatı müasir iqtisadi inkişaf modelinin, dayanıqlı iqtisadi artım konsepsiyasının çox mühüm elementi kimi qəbul edirik", - deyə o bildirib.
Komitə sədri əlavə edib ki, 2021-ci ildə təsdiq edilmiş sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə də intellektual kapitalın inkişafı və innovasiya məkanının formalaşdırılması üçüncü prioritet istiqamət kimi müəyyənləşdirilib.
Onun sözlərinə görə, bu fakt dövlət rəhbərliyinin strateji baxışı illər öncə müəyyən etdiyini və ölkənin rəqəmsal transformasiya prosesinə əvvəlcədən hazırlaşdığını göstərir.
Azər Əmiraslanov vurğulayıb ki, rəqəmsal inkişaf modelinə keçid təkcə proqramlar və strateji sənədlərlə mümkün deyil:
"Bunun üçün ən vacib şərt müasir texnoloji və rəqəmsal infrastrukturun qurulmasıdır. Son on il ərzində bu istiqamətdə çox mühüm işlər görülüb".
Komitə sədri hesab edir ki, həyata keçirilən təşəbbüslər dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına, rəqəmsal cəmiyyətin formalaşmasına və ölkədə səmərəli, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə güclü təkan verəcək.
Azər Əmiraslanov çıxışının sonunda qeyd edib ki, rəqəmsal transformasiya prosesinin maarifləndirilməsi və ictimailəşdirilməsində deputatların mühüm rolu var:
"Həm komitələrdə, həm də plenar iclasda deputat həmkarlarımız məsələlərin konseptual mahiyyəti ilə bağlı olduqca dəyərli və peşəkar fikirlər səsləndiriblər. Gələcəkdə də parlament bu prosesə öz institusional dəstəyini verməyə davam edəcək".
