Bakı. Trend:
Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra səhəri günü sülh sazişi imzalana bilər. Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Mövzunu Trend-ə şərh edən politoloq Azər Qarayev bildirib ki, Ceyhun Bayramovun açıqlaması Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı mühüm siyasi mesaj kimi qiymətləndirilir.
"Nazirin "Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra səhəri günü sülh sazişi imzalana bilər" ifadəsi hüquqi maneə aradan qalxacağı təqdirdə Azərbaycanın əlavə gecikmə yaratmaq niyyətində olmadığını göstərir. Burada "səhəri günü" ifadəsi məcazi məna daşıyır və sazişin texniki və siyasi baxımdan imzalanmağa hazır olduğunu vurğulayır".
A. Qarayev bildirib ki, Azərbaycan uzun müddətdir bildirir ki, Ermənistan Konstitusiyasının preambulasında istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsində yer alan bəzi müddəalar Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilə bilər.
"Rəsmi Bakı hesab edir ki, belə hüquqi istinadlar qüvvədə qaldıqca gələcəkdə sülh sazişinin ruhuna zidd vəziyyət yarana və yeni siyasi-hüquqi mübahisələr ortaya çıxa bilər. Məhz buna görə Azərbaycan hesab edir ki, sülh sazişi imzalanmazdan əvvəl Ermənistanın əsas qanununda bu məsələ tam şəkildə həll edilməlidir.
Nazirin "Azərbaycan üzərinə düşən bütün işləri artıqlaması ilə yerinə yetirib" fikri onu göstərir ki, rəsmi Bakı öz nöqteyi-nəzərinə görə danışıqlar prosesində üzərinə götürdüyü öhdəlikləri icra etdiyini hesab edir. Bu baxımdan, Azərbaycan indi növbəti addımı Ermənistan tərəfdən gözlədiyini nümayiş etdirir.
Onun "Bizim də öz gözləntilərimiz var" sözləri də məhz bu mövqenin davamıdır. Yəni Azərbaycanın gözləntisi Ermənistanın hüquqi bazasını sülh sazişinin prinsiplərinə uyğunlaşdırmasıdır. Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfindən yeni Konstitusiya aktında əvvəlki Müstəqillik Aktına istinad edilməyəcəyinə dair açıqlamalar verilib. Əgər bu dəyişiklik reallaşarsa, Azərbaycanın fikrincə, sülh sazişinin imzalanmasının qarşısında qalan əsas hüquqi maneə də aradan qalxmış olacaq".
Politoloq bildirib ki, bu, həm də onu göstərir ki, tərəflər arasında sülh sazişinin mətni üzrə böyük hissədə razılıq əldə olunub və mübahisə əsasən hüquqi-siyasi xarakter daşıyan bu məsələ ətrafında cəmlənib.
"Nazirin açıqlamasından belə nəticə çıxarmaq olar ki, Azərbaycan Konstitusiya ilə bağlı məsələ həll olunduqdan sonra uzunmüddətli əlavə danışıqlara ehtiyac görmür. Bu səbəbdən "səhəri günü" ifadəsi sazişin imzalanmasının çox qısa müddətdə mümkün ola biləcəyinə işarə kimi qiymətləndirilir.
Lakin bunun üçün Ermənistanın Konstitusiya islahatlarını həyata keçirməsi, daxili hüquqi prosedurları başa çatdırması və bundan sonra tərəflərin imza mərhələsinə keçməsi tələb olunur".
Politoloq vurğulayıb ki, nazirin açıqlaması Azərbaycanın mövqeyini bir daha təsdiqləyir.
"Rəsmi Bakı hesab edir ki, sülh sazişinin imzalanması üçün əsas siyasi razılıq mövcuddur və hazırda həlledici məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasıdır. Azərbaycanın mövqeyinə görə, bu addım atılacağı halda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayacaq və proses çox qısa müddətdə yekunlaşa bilər", - deyə o qeyd edib.
