Təkaful sığortası Azərbaycanda islam maliyyəsi ekosisteminin inkişafına töhfə verəcək - AMB (ÖZƏL)

İqtisadiyyat Materials 9 İyul 2026 14:54 (UTC +04:00)
Təkaful sığortası Azərbaycanda islam maliyyəsi ekosisteminin inkişafına töhfə verəcək - AMB (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İslam sığortasının tətbiqi yalnız yeni sığorta xidmətinin bazara çıxarılması deyil, həm də Azərbaycanda inklüziv, dayanıqlı və beynəlxalq təcrübəyə uyğun İslam maliyyəsi ekosisteminin formalaşmasında mühüm rol oynayır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Vurğulanıb ki, maliyyə ekosisteminin inkişaf etdirilməsi Mərkəzi Bankın əsas strateji hədəflərindəndir:

"Maliyyə ekosisteminin tərkib hissəsi olan İslam maliyyəsinin, xüsusilə də İslam sığortası üzrə ekosistemin formalaşması xüsusi əhəmiyyət kəsb edir. İslam sığortasının tətbiqi maliyyə xidmətlərinin şaxələndirilməsinə, alternativ maliyyə alətlərinin əlçatanlığının artırılmasına və İslam prinsiplərinə uyğun məhsulların təqdim edilməsinə xidmət edir.

Təkaful modeli (İslam sığortası) həm fiziki şəxslər, həm də biznes subyektlərinin ehtiyaclarına uyğun sığorta məhsullarının müəyyən edilməsi, sığorta müqavilələrinin bağlanması, idarə olunması və sığorta hadisələri zamanı sığortalıların maraqlarının qorunmasını, eləcə də risklərin iştirakçılar arasında qarşılıqlı bölüşdürülməsinin islam maliyyə prinsiplərinə uyğun şəkildə təşkilini nəzərdə tutur".

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 3 mart 2026-cı il tarixində “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verilib.

Xatırladaq ki, İslam İnkişaf Bankı Qrupunun hesabatında da təkaful məhsullarının (islam sığortası) Azərbaycanda sığorta xidmətlərinin daha geniş yayılması üçün katalizatora çevrilə biləcəyi vurğulanıb.

Hesabatda qeyd olunub ki, Azərbaycanın sığorta bazarı inkişaf etsə də, sığortanın ÜDM-də payı hələ də aşağı səviyyədədir. Bu baxımdan təkaful məhsullarının tətbiqi, xüsusilə ənənəvi sığortanı islam prinsiplərinə uyğun hesab etməyən əhali qrupları arasında sığorta xidmətlərindən istifadənin genişlənməsinə təkan verə bilər.
Bildirilib ki, təkaful modeli ənənəvi sığortadan fərqli olaraq riskin sığortaçıya ötürülməsinə deyil, iştirakçılar arasında qarşılıqlı yardım və riskin bölüşdürülməsi prinsipinə əsaslanır. Bu model faiz, həddindən artıq qeyri-müəyyənlik və qumar kimi şəriətə zidd hesab olunan elementlərdən yayınmağa imkan verir.

Hesabata görə, qlobal təkaful bazarı 2024-cü ildə 33–40 milyard ABŞ dolları həcmində qiymətləndirilib. Bazar aktivlər üzrə 16,9%, sığorta haqları üzrə isə 15,4% artım göstərib. Bununla belə, təkaful dünya islam maliyyəsi aktivlərinin cəmi 1,4%-ni təşkil edir ki, bu da sektorun gələcək inkişafı üçün böyük potensialın olduğunu göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti