Bakı. Trend:
İyulun 9-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 66,7 faizində biçin başa çatıb, 2 milyon tondan çox məhsul yığılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahdan məlumat verilib.
Bildirilib ki, mövsüm ərzində 642 696 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 251 886 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.
Məlumatda görə, indiyədək mexanizatorlar tərəfindən 224 603 hektar buğda, 418 093 hektar arpa sahəsi biçilib:
"Bu sahələrdən 884 182 ton buğda, 1 367 704 ton arpa yığılıb. Buğda sahələrinin 49 faizində, arpa sahələrinin isə 83 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sent/ha, arpa üzrə isə 32,7 sent/ha təşkil edir".
"Artıq Ucar, Naftalan və Kəlbəcərdə biçin tam yekunlaşıb, Respublikanın 17 rayonunda - Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir", - deyə Qərargahdan bildirilib.
