Bakı. Trend:
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi və "Sağlamlığa Xidmət" İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris - Simulyasiya Mərkəzi istifadəyə verilib. Mərkəz “Sağlamlığa Xidmət” İctimai Birliyi tərəfindən ölkəmizdə tibb işçilərinin inkişafına dəstək məqsədilə Qafqazın ən böyük xəstəxanası olan Yeni Klinikada yaradılıb.
“Sağlamlığa Xidmət” ictimai birliyinin sədri Elçin Muxtarlı Trend-ə açıqlamasında bildirib ki, simulyasiya əsaslı təlim mərkəzinin xəstəxana daxilində yaradılması Azərbaycanda ilk belə təşəbbüsdür.
Belə ki, mərkəzdə tibb mütəxəssisləri və tibb tələbələri üçün öyrənməni asanlaşdıran süni intellekt əsaslı avadanlıqlar, həmçinin ən son - 5-ci nəsil texnologiya ilə təchiz olunmuş imitasiya xarakterli insan model və əzaları quraşdırılıb.
Burada xəstəliklərin və müxtəlif patoloji halların diaqnostikası və idarə olunması, müalicə və terapiya üsulları, eləcə də müxtəlif simulyasiya ssenariləri əsasında klinik qərarvermə bacarıqları tədris ediləcək. Təlim iştirakçıları real klinik şəraiti əks etdirən simulyasiya avadanlıqları üzərində praktik məşğələlər keçmək şansı əldə edəcəklər.
Onun sözlərinə görə, layihə ümumilikdə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına tam uyğundur və rəqəmsal səhiyyə xidmətləri ilə kadrların peşəkarlığının artırılmasına böyük töhfədir.
E.Muxtarlı qeyd edib ki, Tibbi Tədris - Simulyasiya Mərkəzində mütəmadi əsasda dövlət tibb müəssisələrinin, xüsusilə regionlarda fəaliyyət göstərən həkimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, təlim və biliklərin paylaşılması, canlı yayımlanması, eləcə də resursların ölkə üzrə əlçatanlığının təmin edilməsi məqsədilə virtual təhsil platforması yaradılıb. Platforma vasitəsilə tibb işçiləri istənilən vaxtda oflayn rejimdə və ya real vaxtda (canlı) onlayn şəkildə təlimləri izləyə bilərlər. Bu isə bütün ölkə üzrə tibb kadrlarının müasir təlim resurslarına çıxış imkanlarını artıracaq.
Hazırda mərkəzdə təcili və təxirəsalınmaz tibbi xidmət simulyasiya modulunun reallaşdırılması üçün lazımi server və sistemlər qurulub. Bununla da, ilkin tibbi-sanitariya xidmətlərinin keyfiyyətinin və kadr potensialının daha da artırılması hədəflənir. Bu isə Azərbaycanda İlkin Səhiyyə Xidmətlərinin Təkmilləşdirilməsi üzrə Dövlət Konsepsiyasının məqsəd və hədəfləri ilə üst-üstə düşür. Eyni zamanda mərkəzdə təcili və təxirəsalınmaz tibbi xidmət modulundan əlavə, növbəti illərdə reanimasiya və intensiv terapiya, neonatologiya və doğuş üzrə daha üç modulun yaradılması da planlaşdırılır.
Qeyd edək ki, qlobal səhiyyə sisteminin davamlı inkişafı fonunda tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin müasir tələblərə uyğunlaşdırılması səhiyyə xidmətlərinin keyfiyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə, beynəlxalq təcrübəyə əsaslanaraq tibb işçilərinin kadr potensialının, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlim mərkəzlərinin yaradılması və simulyasiya əsaslı təlimlərin təşkil edilməsi əsas şərtlərdən biridir.
