Bakı.Trend:
Azərbaycanda turizmin gələcək inkişafı sistemli investisiyalar tələb edir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Dünya Bankının özəl sektorun inkişafı üzrə baş mütəxəssisi Şon Mann "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının reallaşdırılması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bütün turizm istiqamətləri müəyyən inkişaf dövründən keçir və bu dövrün ilkin mərhələsində əsas əhəmiyyət baza institutlarına və infrastruktura yatırılan investisiyalara verilir.
"İnkişafın ilkin mərhələsində fundamental qanunvericiliyə, idarəetmə sisteminə, infrastruktura və baza layihələrinə investisiya qoyuluşu vacibdir. Azərbaycan artıq bu istiqamətdə böyük işlər görüb. Mənim fikrimcə, Azərbaycan bu mərhələni artıq geridə qoyub. Burada beynəlxalq brendlər fəaliyyət göstərir, investisiyalar həyata keçirilib, qlobal tədbirlər təşkil olunur. Məhz bunun sayəsində ölkə beynəlxalq tanınma qazanıb və dünya turizm xəritəsində öz yerini tutub", – deyə Ş.Mann bildirib.
Onun sözlərinə görə, növbəti mərhələ turizmin iqtisadi dəyərinin artırılması olmalıdır.
"Növbəti addım turist axınının sadəcə artırılması deyil, turizmin iqtisadi dəyərinin yüksəldilməsidir. Buna yalnız turizm məhsullarının və turizm istiqamətlərinin inkişafı hesabına nail olmaq mümkündür. Sahənin gələcək inkişafı investisiyalara sistemli yanaşma tələb edir. Növbəti mərhələ turizm istiqamətlərinə və həmin istiqamətlər üçün cəlbedici ola biləcək bazar seqmentlərinə sistemli investisiya yatırılmasından ibarətdir", – deyə o bildirib.
Ş.Mann vurğulayıb ki, bu prosesdə hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır.
"Turizm istiqamətlərinin inkişafı yeni hava marşrutlarının açılması üçün aviasiya sektoru ilə əməkdaşlıqla müşayiət olunmalıdır. Hazırda Bakıda uğurla fəaliyyət göstərən investorlar zaman keçdikcə digər turizm istiqamətlərində də yeni obyektlər açacaqlar. Lakin bunun üçün zəruri baza şərtləri yaradılmalıdır. Turizm müxtəlif sahələri əhatə edən sektordur və müxtəlif dövlət qurumları arasında əlaqələndirmə tələb edir. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, nəqliyyat qurumları və digər dövlət strukturları bu prosesdə iştirak etməlidirlər. Belə əlaqələndirmə milli səviyyədə təmin olunmalıdır", – deyə Ş.Mann vurğulayıb.
