Bakı. Trend:
İran ötən gecə ABŞ-nin İranın müxtəlif məkanlarına hava hücumları həyata keçirməsini ən kəskin şəkildə qınayır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“İran Xarici İşlər Nazirliyi ABŞ-nin ötən gecə İranın cənubunda sahil vilayətlərində bir neçə məkanı, ölkənin şərq vilayətlərində Məşhəd şəhəri dəmiryolu xəttində iki körpünü vurmasını ən kəskin şəkildə qınayır və İranın öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini müdafiə etmək üçün qətiyyətli iradəyə sahib olduğunu bildirir”, - deyə bəyanatda qeyd olunub.
Bəyanatda əlavə olunur ki, ötən 48 saat ərzində ABŞ 7 iyulda Hörmüz boğazından qaydanı pozaraq keçməyə cəhd edən gəmi ilə əlaqədar hadisələri əsas götürərək İrana hücumlar edib və bu hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibəyə son qoyulmasına dair İslamabad anlaşma memorandumunun 1 və 5-ci müddəalarının açıq-aşkar şəkildə pozulmasıdır.
Bəyanatda bildirilir ki, İran Xarici İşlər Nazirliyi ötən 48 saat ərzində ABŞ-nin hücumları nəticəsində ölən bir qrup dənizçi ilə əlaqədar başsağlığı verir və İranın özünü müdafiəsi istiqamətində tam iradəyə sahib olduğunu vurğulayır.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün verdiyi açıqlamaya görə, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib.
İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.
