"ING Group" Azərbaycanda ÜDM artımı ilə bağlı 2029-cu ilə qədər olan proqnozlarını verib

İqtisadiyyat Materials 9 İyul 2026 16:27 (UTC +04:00)
"ING Group" Azərbaycanda ÜDM artımı ilə bağlı 2029-cu ilə qədər olan proqnozlarını verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupu Azərbaycanın 2029-cu ilədək ÜDM artımı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.

ING-in məlumatına görə, 2026-cı ildə Azərbaycanın ÜDM-i illik ifadədə 2 faiz artacaq.

Analitiklərin qiymətləndirməsinə əsasən, 2027-ci il üzrə proqnoz dəyişməz saxlanılıb və 3 faiz təşkil edir. 2028-ci ildə isə ÜDM-in 2,3 faiz artacağı gözlənilir.

"2026-cı il üzrə rüblük proqnozlar belədir: ikinci rübdə 2 faiz, üçüncü rübdə 3 faiz, dördüncü rübdə isə 3,3 faiz artım gözlənilir", – deyə hesabatda bildirilir.

2027-ci ildə isə dinamika belə proqnozlaşdırılır: birinci rübdə 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz artım gözlənilir. 2028-ci ildə illik ÜDM artımı 2,3 faiz təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının may ayında açıqladığı makroiqtisadi proqnoza əsasən, 2026-cı ildə ölkənin real ÜDM-i 1,1 faiz, qeyri-neft-qaz sektoru isə 3,2 faiz artacaq.

Tənzimləyici qurum hesab edir ki, 2026-cı ildə neft-qaz sektoru ümumi iqtisadi artımı məhdudlaşdırmağa davam edəcək, iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi isə qeyri-neft sahələri olacaq. AMB-nin qiymətləndirməsinə görə, qeyri-neft sektorunda artımın əsas mənbələri ev təsərrüfatlarının istehlakı, mal və xidmətlərin xalis ixracı, eləcə də əsas kapitala ümumi yığım olacaq.

Mərkəzi Bankın proqnozuna əsasən, 2027-ci ildə iqtisadi artım 3,2 faizə yüksələcək, qeyri-neft-qaz sektoru isə 4,7 faiz artacaq.

Tənzimləyici qurumun qiymətləndirməsinə görə, neft-qaz sektoru 2026-cı ildə 3,3 faiz azalacaq, 2027-ci ildə isə artım nümayiş etdirməyəcək.

AMB-də həmçinin vurğulanıb ki, 2026–2027-ci illər üzrə iqtisadi artım proqnozlarının reallaşması əsasən daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq.

Fitch Ratings isə Azərbaycanın ÜDM-nin 2026-cı ildə 2 faiz artacağını proqnozlaşdırır.
"2026-cı ildə iqtisadi artımın 2 faizə qədər cüzi sürətlənəcəyini gözləyirik. Çünki enerji daşıyıcılarının daha yüksək qiymətlərinin təsiri sərt fiskal və pul-kredit siyasəti, eləcə də kreditləşmənin mülayim artımı ilə tarazlaşdırılacaq", – deyə "Fitch" analitikləri qeyd ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti