...

Hörmüz boğazı bağlanmaq təhlükəsi qarşısında: Dünya bazarında xam neftin qiyməti artır

Dünya xəbərləri Materials 4 Mart 2026 09:00 (UTC +04:00)
Hörmüz boğazı bağlanmaq təhlükəsi qarşısında: Dünya bazarında xam neftin qiyməti artır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları və İranın həmin gün ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına və İsrailə cavab zərbələri başlaması ilə dünya bazarında neftin qiyməti sürətlə artmağa başlayıb. Belə ki, xam neftin bir barelinin qiymətində orta hesabla 10%-lik artım qeydə alınıb və hazırda qiymət 80 dollar civarındadır.

Xam neftin dünya bazarında qiymətinin artmasının əsas səbəblərindən biri, dünyanın enerjisinin təxminən 20%-ni təmin edən körfəz ölkələrindən xam neft və karbohidrogenlərin daşınmasında yaranan risklərdir. Körfəz ölkələrindən dünya bazarlarına çıxış nöqtəsi isə hər zaman diqqət mərkəzində olan Hörmüz boğazıdır. Təxminən 39 kilometr enində olan bu boğazın şimalında İran, cənubunda isə BƏƏ və Oman yerləşir. İran tərəfi hazırda boğazda təhlükəsizlik tədbirlərini gücləndirib və bəzi tankerlərin keçidinə müxtəlif arqumentlərlə məhdudiyyətlər tətbiq edir.

2 martda İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Bakıda keçirdiyi mətbuat konfransında boğazın İran tərəfindən bağlanmadığını bəyan edib və bu marşrutdan keçməyə cəhd edən bir sıra tankerlərlə bağlı ekoloji problemlərə görə tədbirlər görüldüyünü bildirib. O, hadisələrin bu fonda davam edəcəyi təqdirdə İranın fərqli addımlar ata biləcəyini də diqqətə çatdırıb.

Digər tərəfdən, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının müşaviri, general İbrahim Cabbari daha sərt açıqlama ilə çıxış edib. O bildirib ki, İranın təhlükəsizliyi təhdid olunarsa, boğazdan neft daşınmasına imkan verilməyə bilər və bu halda neftin qiyməti 80 dollardan 200 ABŞ dollarına qədər yüksələ bilər.

Sözügedən açıqlamalar fonunda İranın Hörmüz boğazında keçidlər üzərində ciddi nəzarət imkanlarına malik olduğu və gərginliyin artması ilə daha sərt qərarların gündəmə gələ biləcəyi ehtimal olunur.

Hörmüz boğazından əsas neft təminatçıları – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İraq və İran – xam neft ixrac edir. Boğazın bağlanması halında körfəzdə hasil olunan neftin dünya bazarlarına çıxışı ciddi şəkildə məhdudlaşa bilər. Hörmüz boğazı vasitəsilə ixrac olunan xam neftin böyük hissəsi Asiya bazarlarına yönəlir. Çin, Yaponiya, Hindistan və Cənubi Koreya kimi ölkələr neft tələbatlarının böyük hissəsini məhz bu regiondan təmin edir.

Eyni zamanda Hörmüz boğazı yalnız xam neft üçün deyil, həm də LNG daşımaları üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə Qətərin istehsal etdiyi mayeləşdirilmiş təbii qazın böyük hissəsi bu marşrut vasitəsilə Asiya bazarlarına ixrac olunur. Boğazın tam və ya qismən bağlanması enerji bazarlarında kəskin təlatümə, əsas istehsalçı ölkələrdə enerji çatışmazlığına və qlobal tədarük zəncirində ciddi pozuntulara səbəb ola bilər.

Son üç gün ərzində Hörmüz boğazında yaranan məhdudiyyətlər dünya bazarında xam neftin qiymətinə ciddi təsir göstərib. Bu, onu deməyə əsas verir ki, proses davam edərsə, təklifin azalması fonunda qiymətlərdə əlavə artım müşahidə oluna bilər. Bu isə qlobal inflyasiya təzyiqlərini gücləndirə və xüsusilə enerji idxalından asılı olan ölkələrin iqtisadiyyatına əlavə yük yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti