...

İş adamları şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox pul ayırsınlar – Deputat

Cəmiyyət Materials 4 Mart 2026 12:06 (UTC +04:00)
İş adamları şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox pul ayırsınlar – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə fiziki sağlamlıqla bağlı xəstəliklərin artmasının əsas səbəblərindən biri artıq çəkidir. Arzulayardıq ki, hörmətli iş adamlarımız artıq ölkəmizdə şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar. Nə qədər çox idman infrastrukturu qurulsa, bir o qədər azdır və bu, cəmiyyətdə sağlam həyat tərzini də stimullaşdırar.

Trend xəbər verir ki, bunu Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitədə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.

Millət vəkili bildirib ki, son illərdə fitnes və idman mərkəzlərinin artması müşahidə olunur və bu sahə artıq biznes strukturu kimi fəaliyyət göstərir.

Deputat vurğulayıb ki, regionlarda olimpiya proqramı qurulmalıdır:

“Gələcəkdə bölgələrdə istedadların erkən aşkarlanması üçün sistemli mexanizm formalaşdırılmalıdır. Xüsusilə komanda idman növlərində və ağır çəkilərdə daha geniş seçim bazasına ehtiyac var. Halbuki ölkəmizin, hətta ən uzaq kəndlərin belə böyük potensialı mövcuddur. Bunun üçün dövlət, federasiyalar, məktəblər və ailələr arasında əməkdaşlıq qurulmalıdır.

Gənclər və idman idarələri regionlarda fəaliyyət göstərir, lakin biz təkcə rayon mərkəzləri ilə kifayətlənməməli, mütləq kəndlərə qədər getməliyik. Təcrübə göstərir ki, rayonlar müəyyən qədər əhatə olunur, amma kəndlərdə iş zəifdir və buna xüsusi diqqət ayrılmalıdır. Hər şəhər və rayonda mütəmadi seçim günləri təşkil olunmalıdır. Bu seçimlər hətta bayram formatında keçirilə bilər. Fiziki tərbiyə müəllimləri, xüsusi təlim keçmiş mütəxəssislər və nazirliyin nümayəndələri bu prosesə cəlb oluna bilər”.

V.İskəndərov əlavə edib ki, məktəblərdə erkən fiziki test sisteminin qurulması da vacibdir. Bu, həm uşaqların sağlamlıq göstəricilərinin izlənməsi, həm də istedadlı uşaqların vaxtında müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, perspektivli uşaqlar üçün xüsusi təqaüd fondunun yaradılması onların stimullaşdırılması və idmana davamlı cəlb olunması üçün mühüm addım olar.

“Digər vacib məsələ rəqəmsallaşmadır. Rəqəmsal transformasiya artıq zamanın tələbidir. İdman sahəsində də vahid rəqəmsal platforma yaradılmalıdır. Bu platforma bütün federasiyaların vahid onlayn sistemini birləşdirə bilər.

Belə bir sistem vasitəsilə federasiyaların vahid məlumat bazası formalaşdırılar, yarış təqvimləri onlayn yerləşdirilər, lisenziyaların verilməsi və qeydiyyat prosesi sadələşdirilər, məşqçi və idmançı məlumatları sistemləşdirilər, statistik hesabatlar daha çevik şəkildə aparılar.

Bu, həm şəffaflığı artırar, həm idarəetməni asanlaşdırar, həm də müasir çağırışlara uyğunlaşmanı sürətləndirər. Müasir texnologiyalar artıq həyatımızın bütün sahələrinə transformasiya edib və idman sahəsində də bu proses daha da təkmilləşdirilməlidir”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti